Biləsuvar rayonun Mərkəzi parkında Şirvan-Salyan Regional Təhsil İdarəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ümumtəhsil müəssisələrinin pedaqoji kollektivi, Vətən müharibəsi şəhidlərinin övladları, bir sıra şəhər və rayon Uşaq Gənclər İnkişaf mərkəzlərinin şagirdləri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndərin adını daşıyan parkdakı abidənin önünə tər çiçəklər düzərək, əziz xatirəsini yad ediblər. Sonra Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bildirib ki, uşaqlar hamı üçün əzizdir, onlar bizim gələcəyimizdir: “Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir dövlət uşaqları qorumağı, onları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Ulu Öndər Heydər Əliyev uşaqlara qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün də həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi Biləsuvarda da bu sahəyə xüsusi diqqət yetirilir”.
Digər çıxış edənlər də qeyd ediblər ki, ölkəmizdə uşaqların sağlam, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətləri ilə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması dövlətin əsas məqsədlərindən biridir.
Tədbirdə uşaqların əl işlərindən ibarət sərgi nümayiş olundu, hazırladıqları rəqs nömrələri və nəğmələr səsləndirildi.
Sonda regionlardan gəlmiş dərnək üzvlərinin ifasında rəqslər, vətənpərvərlik ruhunda musiqi nömrələri iştirakçılar tərəfindən yüksək alqışlarla qarşılandı.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”