Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına sayılı günlər qalıb

post-img

Mayın 17-də Bakıda start götürəcək bədii gimnastika üzrə Avropa çempionatına sayılı günlər qalıb. “Ulduz kimi parla” şüarı ilə keçiriləcək qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər.

AZƏRTAC xəbər verir ki, qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

Yarışda ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.

Qrup hərəkətləri proqramında isə böyüklər arasında xalça üzərinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çıxacaqlar. Gənclərin yarışında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizəyə qoşulacaq.

 

Avropa çempionatının üçqat bürünc mükafatçısı Güllü Ağalarzadə mötəbər yarışa hazırlıqla bağlı danışarkən deyib: “Bu il məşqçimiz bizim üçün maraqlı və çətinliyi yüksək olan kompozisiya qurub. Keçən ilin oktyabrından yeni kompozisiya üzərində işləyirik. Avropa çempionatından əvvəl bir neçə dünya kuboku yarışlarında iştirak edərək yaxşı nəticələr əldə etmişik. Komanda olaraq biz Avropa çempionatına hazırıq. İnanıram ki, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıracağıq.

Qitə çempionatının gümüş və beşqat bürünc medalçısı Ləman Əlimuradova doğma divarlar arasında çıxış etməyin daha məsuliyyətli olduğunu vurğulayaraq deyib ki, bizi daha çox insan izləyir və dəstəkləyir - bütün federasiya işçiləri, valideynlərimiz, kiçik gimnastlarımız və gimnastikasevərlər. Buna görə də biz çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək.

Avropa birinciliyinin gümüş və altıqat bürünc mükafatçısı Zeynəb Hümmətova deyib: “Bizim hər iki çıxışımız çox fərqlidir. Beş halqa ilə çıxışımız milli musiqi sədaları altındadır. Nəzərə alaq ki, Avropa çempionatı Bakıda - doğma divarlar arasında keçiriləcək. Çalışacağıq ki, arenada milli ab-hava yaradaq. Milli musiqi sədaları altında tamaşaçıları ayağa qaldıraq. Üç lent və iki topla olan çıxışımız isə daha fərqlidir. Maraqlı və sirlidir. Kompozisiyalarımız çox fərqlidir. Hər birinizin dəstəyini gözləyirik”.

“Doğma Bakıda bütün afişalarda özümüzü görmək fərəhli haldır. Bu, təşkilatçılar tərəfindən çox maraqlı fikirdir. Biz idman ulduzları kimi afişada yer almışıq. Bizim üçün bu, əlavə məsuliyyətdir”, - deyə Avropa çempionatının gümüş və beşqat bürünc mükafatçısı Darya Sorokina bildirib.

Paytaxtımızda təşkil olunacaq mötəbər yarışda məşhur idmançılar, gimnastika ulduzları, həmçinin dünya çempionatı mükafatçılarının iştirak edəcəyini diqqətə çatdıran Avropa çempionatının gümüş və beşqat bürünc mükafatçısı Yelizaveta Luzan deyib ki, bu, mənim üçün həm böyük qürur hissi, həm də böyük məsuliyyətdir.

Böyüklərdən ibarət qrup hərəkətləri komandamız dünya çempionatının bürünc mükafatçısıdır.

Qeyd edək ki, Avropa çempionatına mayın 21-də yekun vurulacaq.

İdman