Həsrət Cəfərovla Ülvi Qənizadə Avropa çempionu oldular

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı sona yaxınlaşır. Yarışın altıncı günündə son 5 çəkidə yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulublar.

Nihat Məmmədli (60 kq) debütdə bolqarıstanlı Avropa çempionu və dünya ikincisi Edmond Nazaryana 3:7 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Məmmədli təsəlliverici görüşdə macarıstanlı Erik Torbayla mübarizə aparıb və 7:0 hesablı qələbəyə sevinib. Nihat üçüncü yer uğrunda ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb və 9:5 hesablı qələbəylə debüt etdiyi Avropa çempionatının bürünc medalını qazanıb. 

Həsrət Cəfərov (67 kq) səkkizdəbir finalda portuqaliyalı Pedro De Moraisə "tuş"la qalib gəlib. Cəfərov dörddəbir finalda norveçli Havard Yorgensen üzərində də inamlı qələbə qazanıb - 7:1. Güləşçimiz yarımfinalda türkiyəli Murat Firatı da eyni hesabla üstələyərək adını finala yazdırıb. Həsrət həlledici görüşdə gürcüstanlı Coni Xetsurianiylə gərgin görüş keçirib. İlk hissəni 0:2 hesabıyla geridə başa vuran gənc güləşçimiz ikinci hissədə əzmkar qələbə qazanıb - 3:2. Beləliklə, Həsrət karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub. 

Ülvi Qənizadə (72 kq) səkkizdəbir finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlib. Qənizadə dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib - 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub - 2:1. Ülvü finalda fransalı İbrahim Qanemlə ağır görüş keçirib. İlk hissədə rəqibindən aşkar üstün olan Qənizadə fasiləyə 7:0 hesablı üstünlüklə yollansa da, ikinci hissədə yorğunluq sözünü deyib və hesab bərabərləşib - 7:7. Ancaq xalların keyfiyyətindəki üstünlük Ülvüyə karyerasında böyüklər arasında ilk Avropa çempionluğunu qazandırıb. 
Rafiq Hüseynov (82 kq) səkkizdəbir finalda isveçrəli Mark Veberə heç bir şans tanımayıb - 8:0. 3 qat Avropa çempionu dörddəbir finalda ermənistanlı Samvel Qriqoryanla gərgin keçən mübarizədən də qalib ayrılıb - 3:2. Hüseynov yarımfinalda türkiyəli Burhan Akbudaka "tuş"la uduzub. Rafiq bürünc medal uğrunda almaniyalı Roland Şvartsla güləşib və minimal fərqlə (1:2) uduzub.

Arif Niftullayev (97 kq) debütdə çexiyalı Artur Omarova minimal fərqlə (1:2) məğlub olub.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti

İdman