"Sabah" liderdən 3 xal aldı

post-img

Bu gün Misli Premyer Liqasında XXX tura yekun vurulub. Ölkə çempionatının bu turu da digərləri kimi, biri-birindən maraqlı qarşılaşmalar və məqamlarla yadda qalıb.

Belə ki, XXX turun açılış matçı Zirə İdman Kompleksinin stadionunda keçirilib. "Zirə" doğma meydanda "Səbail"i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. Bu görüşdən sonra 41 xala malik "Zirə" ilk beşlikdə qərarlaşıb. 21 xal toplayan "Səbail" isə çempionatın autsayderidir.

Turun digər maraqlı bir qarşılaşması "Neftçi" və "Qəbələ" komandaları arasında baş tutub. "Neftçi" doğma meydanda "Qəbələ"yə məğlub olub. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da turnir cədvəlində 60 xalı olan "Neftçi" ilk üçlükdə, "Qəbələ" (42 xal) isə dördlükdədir.

Qəbələ şəhər stadionunda keçirilən "Kəpəz"-"Turan-Tovuz" matçı isə Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb-1:0.  Bununla da 28 xal toplayan "Kəpəz" yeddinci yerdədir. 29 xala malik "Turan-Tovuz" isə altıncı sıradadır. 

Şamaxı şəhər stadionunda "Sumqayıt"ı qəbul edən heyəti tam yereli furbolçulardan təşkil olunan eyniadlı komanda isə qolsuz heç-heçə edib. Bu görüşdən sonra 22 xal toplayan "Şamaxı" doqquzuncu yerdədir. "Sumqayıt" klubu isə 25 xalla səkkizincidir. 

Turun son matçında çempionluğa iddialı "Sabah" lider "Qarabağ"ı qəbul edib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da aktivindəki xalların sayını 68-ə çatdıran "Sabah" ikinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirib. Ağdam təmsilçisi isə 77 xalla çempionatın vahid lideridir. 

Elçin ABBASOV"
"Xalq qəzeti"

İdman