Zöhrə Ağamirova “AGF Trophy” turnirinin sonuncu günündə dörd qızıl medal qazanıb

post-img

Bakıda keçirilən üçüncü “AGF Trophy” beynəlxalq turnirinin sonuncu günündə Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova ayrı-ayrı alətlər üzrə 4 qızıl medal qazanıb.

Belə ki, gimnastımızın halqa ilə final yarışlarında çıxışı 33,700 xalla qiymətləndirilib. Bununla da o,  birinci olub. Digər gimnastımız Alina Gözəlova 30,350 xalla turniri ikinci, İsveçrə təmsilçisi Nora Demer üçüncü pillədə başa vurublar.

Z.Ağamirovanın top ilə final mərhələsində çıxışı hakimlərdən 32,500 xalla dəyərləndirilib və çempionluq üçün yetərli olub. İlk üçlükdə A.Gözəlova (32,150 xal) və macarıstanlı Evelin Viktoriya Koçiş (29,900) yer alıblar.
Gürzlərlə yarışlarda Z.Ağamirova 31,700 xalla qızıl, E.Koçiş 31,050 xalla gümüş, Moldova idmançısı Veronika Sturmilova isə 30,250 xalla bürünc medal əldə ediblər.

Lentlə final mərhələsində Z.Ağamirova 31,400 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz A.Gözəlova 30,750 xalla ikinci, E.Koçiş isə 29,400 xalla üçüncü olublar.

Qeyd edilir ki, turnir böyük gimnastlar arasında aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyıb.

"Xalq qəzeti"

İdman