Aqil Acalov: Aram Nikolyan və digərləri beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməlidir

post-img

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması vandalizm, barbarlıq nümunəsi göstəricisidir ki, ermənilər bir daha bunu bütün dünya ictimaiyyətinə nümayiş etdirdilər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti, ictimai xadim Aqil Acalov deyib.

“Bu hal onu deməyə əsas verir ki, Ermənistan bütün sahələrdə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etmir. Bu hadisə milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkaranə hərəkət hesab olunmalıdır. Hadisənin Ermənistan baş nazirinin iştirak etdiyi bir tədbirdə baş verməsi, onun özünə və bütünlükdə Ermənistana utancdır, rəzalətdir.

Beynəlxalq bir yarışın açılış mərasimində Azərbaycan bayrağının yandırılması ermənilərin bütün türk dünyasına nifrətindən, düşmənçiliyinin irəli gəlir.

İdman yarışlarında dövlət himnləri səslənərkən hörmət əlaməti olaraq hər kəs ayağa qalxır. Amma ötən ay Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan – Türkiyə (1:2) oyununda qardaş ölkə himnini İrəvanda fitə basdılar.

2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında baş vermiş hadisə yenidən boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxıb. Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olundu. Prezident İlham Əliyevin şəxsən erməni idmançı Qevorq Manukyanı mükafatlandırması bizim tolerantlığımızın, insanlığımızın göstəricisi idi ki, bu elə erməni idmançısı tərəfindən yüksək dəyərləndirilmişdi.

Milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyan və digərləri milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməlidir.

Belə bir hal onu göstərir ki, Ermənistan beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında deyil”, - deyə A.Acalov bildirib.

İdman