Bu gün Avstriyanın Linz şəhərində futbol üzrə Azərbaycan millisi komandası “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində ilk görüşünə çıxacaq. Avstriya yığması ilə milli komandamız arasındakı qarşılaşma yerli vaxtla saat 23:45-də keçiriləcək.
Oyunu polşalı baş hakim Bartoş Frankovski idarə edəcək. Ona Marcin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnikin rəhbərlik etdiyi komanda görüşün favoriti sayılsa da, onun heyətində çoxsaylı itkilərin olması barədə mediada məlumatlar öz əksini tapıb. Belə ki, Filip Linxart, Matias Honsak, Marko Arnautoviç və Aleksander Şlageri zədə səbəbindən komandadan uzaqlaşdırmalı olan almaniyalı mütəxəssis kapitan David Alabaya da bu matçda istirahət verməyi planlaşdırır. Həmçinin, Stefan Poş və Aleksander Prassın da iştirakı sual altındadır.
Azərbaycan millisində yeganə itki Mahir Emrelidi. Təəssüfləe olsun ki, o, zədə ucbatından komandadan ayrı qalıb.
Qeyd edək ki, Avstriya – Azərbaycan matçı “Raiffeisen Arena”da oynanılacaq.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"