Avropa çempionu olan millimiz Vətənə dönüb

post-img

Rumıniyanın Buxarest şəhərində keçirilmiş U-23 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə yığmamız dünən Vətənə qayıdıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən qəzetimizə bildiriblər ki,  3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq 140 xal toplayan və komanda hesabında ardıcıl 2-ci dəfə Avropa çempionu olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər və idmançılar qarşılayıb.

Arif Abdullayev, yığma komandanın məşqçisi:
“İlk növbədə xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. U-23 Avropa çempionatında tam heyətlə iştirak etdik və 5 medal qazandıq. 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazandıq. Bəzi idmançılarımız səhvlərə yol verdilər və medal əldə edə bilmədilər. Ancaq ümumi götürəndə komandamız çox gözəl çıxış etdi. 140 xalla Avropa çempionu olduq. Bizi qarşıda böyüklərin Avropa çempionatı gözləyir. İlin ən önəmli yarışı isə lisenziya xarakterli dünya çempionatı olacaq. Əlimizdən gələni edəcəyik ki, Olimpiadaya maksimum sayda lisenziya əldə edək. İkinci dəfə Avropa çempionu olduq. Federasiya rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə öz təşəkkürümü bildirirəm. Ötən il prezident İlham Əliyev bizi qəbul etmişdi. Onun diqqət və qayğısı öz töhfəsini verdi”.

Turan Bayramov, Avropa çempionu:
“Bu yarış mənim üçün uğurlu keçdi. Həm də ona görə sevinirəm ki, buna bir əsgər olaraq nail oldum. Hədəflərim çoxdur. Bu il əsas məqsədim böyüklər arasında dünya çempionu olub, Olimpiadaya vəsiqə qazanmaqdır”.

Maqomed-Başir Xaniyev, Avropa çempionu:
“İlk gün ağır keçdi. Növbəti gün finala yaxşı kökləndim və erməni rəqibimə qalib gəlib çempion oldum”.

İslam İlyasov, Avropa çempionu:
“Yarış yaxşı keçdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Demək olar ki, ötənilki rəqiblər idi. Ən çətin görüşüm final qarşılaşması oldu”.

Rəşid Babazadə, Avropa ikincisi:
“Karyeramda ilk dəfə Avropa çempionatında iştirak etsəm də, finala kimi irəlilədim. Yarımfinalda zədələndiyim üçün finalda güləşə bilmədim. Ancaq buna görə heyfslənmirəm. Çünki komandamız Avropa çempionu oldu. İnşallah, dünya çempionatında qızıl medal qazanaram”.

Səbuhi Əmiraslanov, Avropa üçüncüsü:
“İlk dəfə U-23 Avropa çempionatında medal qazandım. İlk görüşdə Polşa güləşçisinə 10:0 hesabıyla qalib gəldim. Daha sonra Yunanıstan idmançısına məğlub oldum. Növbəti dəfə çalışacağam ki, ona qalib gəlim. Bürünc medal uğrunda görüşdə isə erməni güləşçini məğlub etdim. Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Növbəti yarışlarda komandamıza uğurlar arzulayıram”.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"



İdman