Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən Dünya çempionatında ilk döyüşünə çıxıb. Azərbaycan Boks federasiyasından qəzetimizə bildirilib ki, 54 kq çəkidə çıxış edən millimizin üzvü otuzikidəbir final çərçivəsində Lethokule Sibisi (CAR) ilə üz-üzə gəlib.
Hər 3 raundu aktivinə yazdıran Zeynəb Rəhimova yekunda 5:0 (30:25, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, bu gün onaltıdabir finalda ilk mərhələdən azad olan Kristin Gillespi (Yeni Zelandiya) ilə döyüşəcək.
50 kq çəki dərəcəsində mübarizə aparan Anaxanım İsmayılova (50 kq) isə ev sahibi Zarin Nixadla qarşılaşıb və rəqib mərhələ adlayıb.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”