Avstriyada vergidən yayınma cinayət əməlini törətməkdə təqsirləndirilərək 2015-ci ildə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışda olan, Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü Özbek Kudret Abdullatif ötən ilin dekabrında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəxsin verilməsinə dair Avstriya Respublikasının Federal Ədliyyə Nazirliyinin vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Avstriyanın səlahiyyətli orqanlarına təhvil verilib.