“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.9-cu (hər iki halda) və 3.10-cu bəndlərində, 4-cü maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3-cü maddəsinin 3.9-cu bəndində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi nəzərdə tutulur;
1.3. həmin Qanunun 3-cü maddəsinin 3.9-cu bəndində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulur;
1.4. həmin Qanunun 3-cü maddəsinin 3.10-cu bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya nəzərdə tutulurlar;
1.6. həmin Qanunun 4-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanununun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş işsizlikdən sığorta haqları üzrə gəlirlərin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
3.2. həmin Qanunun 2-ci maddəsinin 2.1-ci bəndində nəzərdə tutulmuş işsizlikdən sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü 10 (on) gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;
3.3. büdcə təşkilatlarının 2024-cü il yanvarın 1-dək yaranmış işsizlikdən sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;
3.4. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
4.1. işsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
4.2. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
5.1. büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış işsizlikdən sığorta haqları üzrə borclarını 2024-cü il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsın;
5.2. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görsünlər.
7. Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2023-cü il