“Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

post-img

Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində relyefli xətlərin əhatəsində qızılı rəngli dairə yerləşdirilmişdir. Dairənin mərkəzində ətrafı qızılı rənglə konturlanan və daxili Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 üfüqi zolağa bölünən səkkizguşəli ulduz əks olunmuşdur. Mavi rəngli zolağın üzərində “1993”, yaşıl rəngli zolağın üzərində “2023” rəqəmləri yazılmışdır, yuxarı və aşağı hissələrdə qızılı rənglə konturlanmış qırmızı rəngli zolağın üzərində ağ rəngdə ay və səkkizgüşəli ulduz həkk olunmuşdur. Dairənin yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN” sözləri, aşağı hissəsində qövs boyunca “TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDƏN ORQAN” sözləri yazılmışdır. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur.

2.2. Bütün yazılar və təsvirlər qabarıqdır. Yazılar tünd qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin səthi hamardır, yuxarı hissəsindən başlayaraq açıq qızılı rəngdə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” sözləri yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, aşağı və yuxarı hissələrinə 5,5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü düzbucaqlı yaşıl xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir.

4.2. Xara lentin sol və sağ kənarlarında 1 mm enində ağ rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

“Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı

Əsasnamə