“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

post-img

Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində xarici və daxili çevrələrlə konturlanmış dairələr yerləşdirilmişdir, xarici dairənin yuxarı hissəsində soldan sağa doğru “AZƏRBAYCAN RESPUBLİKASININ MİNATƏMİZLƏMƏ AGENTLİYİ” sözləri yazılmış, aşağı hissəsində “25” rəqəmləri, rəqəmlərin sol və sağ tərəflərində aşağıdan yuxarıya doğru uzanan dəfnə budaqları təsvir olunmuşdur. Daxili dairənin mərkəzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emblemi, aşağı hissəsində “1998” və “2023” rəqəmləri və onların arasında səkkizguşəli ulduz təsvir edilmişdir.

2.2. Medalın ön tərəfinin səthi, dairəvi xətt, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emblemi, sözlər və rəqəmlər relyeflidir, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində loqotip şəklində qızılı rəngdə “ANAMA” sözü yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü, üzərində səkkizguşəli ulduz həkk olunmuş qızılı rəngli metal lövhə bərkidilmiş 50 mm x 37 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində mərkəzdə 2 mm enində boz, mərkəzdən sağ və sol kənarlara doğru 3 mm enində qızılı, 7,5 mm enində mavi, 0,5 mm enində göy və qızılı, 1,5 mm enində göy və boz, 2 mm enində göy rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” Azərbaycan Respublikasının yubiley medalı

Əsasnamə