Milli Kitabxanada Novruz bayramı münasibətilə ənənəvi sərgi və elektron layihələr istifadəçilərə təqdim edilib

post-img

Martın 19-da Milli Kitabxanada dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramı sayılan, xalqın qəhrəmanlığını, rəşadətini nümayiş etdirən Novruz bayramı münasibətilə “Azərbaycan xalq bayramı – Novruz” başlıqlı geniş  ənənəvi kitab sərgisi,  “Novruz - Xalqımızın əziz bayramı” adlı virtual sərgi və “Novruz bayramı” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.

XQ xəbər verir ki, sərgidə xalqımızın əziz bayramı haqqında - Novruz bayramı, tarixi, bayramla bağlı adət-ənənələr, inanclar, ayin-mərasimlər, oyun-tamaşalar, xalqımızın minilliklər boyu təcrübə əsasında formalaşmış iqtisadi həyatı, el sənətinin inkişaf yolları, şifahi xalq ədəbiyyatı və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar nümayiş olunur.

Virtual sərgidə (https://anl.az/el/vsb/Novruz/index.htm) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki, bütöv Azərbaycanda alovlanan Novruz tonqalları, Qarabağ ellərində Novruz şənlikləri, Azərbaycan xalqının milli bayramı haqqında dövri mətbuatda çap  olunan məqalələr, fotolar, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, nümayiş olunur.

Elektron məlumat bazasında (https://anl.az/el/emb/Novruz/index.html) “Novruz bayramı”, “Novruz beynəlxalq bayramı”, “Novruz adətləri”, “Çərşənbələr”, “Oyunlar”, “Novruz deyimləri”, “Novruz falları”, “Novruz haqqında nəşrlər”, “Videoqalereya”, “Fotoqalereya”  bölmələrində tammətnli resurslar onlayn istifadəçilərə təqdim edilir.

Novruz Bayramı Azərbaycan xalqının ən qədim və sevilən bayramlarından biridir. Bu bayram yazın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanmasını simvolizə edir. Novruz bayramının kökləri minilliklər əvvələ, qədim Şərq xalqlarının inanclarına gedib çıxır. Bu bayram sülh, dostluq, birlik və yenilənmə rəmzi kimi qeyd olunur.

Novruz bayramı yalnız bir şənlik deyil, həm də xalqın milli-mənəvi dəyərlərini yaşadan mühüm bir ənənədir. Bu bayram insanları bir araya gətirir, sevinc və ümid bəxş edir. 

Artıq xalqımız Novruz Bayramını bütöv Azərbaycanda böyük ruh yüksəkliyi ilə qeyd edir. İnsanlar bu əziz gündə bir araya gələrək sevinclərini bölüşür, milli adət-ənənələrimizi yaşadırlar. Hər bir evdə bayram süfrəsi açılır, səməni qoyulur və şirniyyatlar hazırlanır. Uşaqlar tonqal ətrafında şənlənir, böyüklər isə qədim adətləri davam etdirirlər. Bu bayram xalqımızın birliyini, mədəni zənginliyini və gələcəyə olan ümidini əks etdirir.

Elm