Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Sevil Yusifovaya, həmin institutun elmi işçisi Nailə Ramazanovaya, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “İsmayıllı” seysmik stansiyasının müdiri Arif Mirzəyevə və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Asif Rüstəmliyə “Əmək veteranı” vəsiqəsi təqdim olunub.
Daha sonra iclasda elmi-təşkilati məsələlər müzakirə olunub.
Müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Strategiyanın məqsədi ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. Həmçinin qeyd edib ki, ictimaiyyətin süni intellekt barədə məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin təşkili, habelə süni intellektlə bağlı etik prinsiplərin qorunması əsas prioritetlərdən biri olacaqdır. Bundan əlavə, strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün akademik və elmi tədqiqatların gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli bu gün dünyanın süni intellekt mərhələsinə daxil olduğunu, artıq gündəlik həyatımızın bir parçasına çevrildiyini, süni intellektin açdığı geniş imkanlarla bərabər, risklər də gətirdiyini söyləyib. Vurğulayıb ki, Strategiyada süni intellektlə bağlı gözlənilən risklər və onların neytrallaşdırılması məqsədilə Süni İntellekt Akademiyasının yaradılması, süni intellekt istiqamətində məsul dövlət qurumlarının müəyyənləşdirilməsi kimi məsələlərin əksini tapdığını bildirib.
Akademik İsa Həbibbəyli hazırda AMEA-da aparılan genişmiqyaslı islahatların mühüm istiqamətlərindən birini dövlətimizin milli maraqlarını və dünyada gedən qabaqcıl trend və tendensiyaları əsas götürməklə elmi fəaliyyət sahəsində süni intellektin tətbiqinin gücləndirilməsi, süni intellekt texnologiyalarından istifadənin etik prinsipləri barədə tədqiqatların genişləndirilməsi və bu istiqamətdə kadr potensialının hazırlanmasına diqqətin artırılmasının təşkil etdiyini söyləyib. Akademiyada bu istiqamətdə işlərin AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi və institutlardakı “Elektron xidmətlər” şöbələri tərəfindən həyata keçirildiyini bildirən akademik İsa Həbibbəyli qısa müddətdə bir çox uğurların əldə olunduğunu diqqətə çatdırıb. Eyni zamanda süni intellektin humanitar və ictimai elmlərdə tətbiqini təmin etmək məqsədilə AMEA-nın Fəlsəfə və Sosiologiya, Dilçilik, Folklor institutlarında daxili imkanlar hesabına süni intellektlə bağlı şöbələrin yaradıldığını, digər müəssisələrdə də mövcud profillərinə uyğun olaraq şöbələrin təşkilinin nəzərdə tutulduğunu deyib.
Həmçinin AMEA-nın 20 fevral 2025-ci il tarixli Ümumi yığıncağının qərarı ilə təsdiq edilən “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”inin əsas hədəflərindən birinin dünya elminin yeni çağırışlarına uyğun olaraq süni intellekt, rəqəmsal və ağıllı texnologiyaların humanitar və ictimai elm sahələrinə, həmçinin təbiət və texnika elmlərinə transformasiyası, ümumbəşəri dəyərlərin bərqərar edilməsi, qlobal problemlərin həlli istiqamətində tədqiqatların gücləndirilməsi olduğunu deyib.
“Bu gün süni intellekt elmi öyrənmək üçün bir alətdir. Süni intellektin imkanlarından istifadə fundamental tədqiqatları daha çevik, geniş mənbələr əsasında sürətli şəkildə həyata keçirməyə imkan verəcəkdir. O cümlədən süni intellektin elmmetrik göstəricilərimizə tətbiqi ilə elmin inkişafı göstəricisini qiymətləndirmək mümkündür. Bu işləri həyata keçirmək üçün “Elektron xidmətlər” şöbələrinin əməkdaşlarını, Gənc Alim və Mütəxəssislər şuralarının üzvlərini, həmçinin doktorantları da cəlb etməliyik. Əməli fəaliyyətimizlə dövlət başçımızın, ölkəmizin çağırışlarına cavab verməliyik”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
İclasda AMEA-nın elmi bölmə və mərkəzlərinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının şöbələrinə Sərəncamın icrası ilə bağlı təkliflərini hazırlayaraq təqdim etmələri tapşırılıb.
Həmçinin ölkə başçısının “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərmanının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planı müzakirə edilib.
Daha sonra müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə olub.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə dövlət başçısı tərəfindən Sərəncam imzalanıb. Sərəncamda Seyid Əzim Şirvaninin yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirdiyi, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynadığı əksini tapıb.
AMEA rəhbəri vurğulayıb ki, sənəddə AR Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə böyük şairin 190 illiyinə dair Tədbirlər planını hazırlayaraq həyata keçirilməsi tapşırılıb. Natiq bildirib ki, dövlət başçısının Sərəncamı Seyid Əzim Şirvaninin həyat və yaradıcılığının müstəqilliyimizin verdiyi geniş imkanlar işığında, elmi prinsiplər əsasında tədqiq və təbliğ olunması zərurətini ortaya qoyur.
Rəyasət Heyəti tərəfindən Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması qərara alınıb.
İclasda, o cümlədən Azərbaycan Respublikası Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Tədbirlər planının təsdiq edilməsi məsələsinə baxılıb.
Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının Sərəncamının icrası ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti “Azərbaycan Respublikası Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr barədə” 7 mart 2025-ci il tarixli qərar qəbul edib. Qərarda AMEA-nın Humanitar Elmlər Bölməsinə digər elmi bölmə, müəssisə və təşkilatlar tərəfindən təqdim olunan təkliflər nəzərə alınmaqla Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı “AMEA-nın Tədbirlər planı” hazırlanaraq təsdiq üçün AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb. Ötən müddət ərzində AMEA-nın Humanitar Elmlər Bölməsi tərəfindən Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı “AMEA-nın Tədbirlər planı”nın layihəsinin hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edildiyi qeyd olunub.
Tədbirlər planında “Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik və istiqlal”, “Bəxtiyar Vahabzadənin poeziyasında ana dili sevgisi”, “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti”, “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması”, “Bəxtiyar Vahabzadə və Türk dünyası”, “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması” və s. mövzularda seminar, konfranslar, dəyirmi masaların təşkili, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş xüsusi buraxılışının nəşri, Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili mövzusu ilə bağlı mətbuatda elmi-publisistik yazıların dərc olunması, “Bəxtiyar Vahabzadə: şəxsiyyəti və sənəti” monoqrafiyası və s. nəşrlərin çapı əksini tapıb.
Rəyasət Heyətinin qərarı ilə Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib.
İclasda, o cümlədən AMEA-nın Folklor İnstitutunun strukturu təsdiq edilib, AMEA-nın Gəncə Bölməsində daxili imkanlar və mövcud ştat vahidləri hesabına Sənədlərlə iş şöbəsi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin bazasında isə daxili imkanlar və mövcud ştat vahidləri hesabına Süni intellekt və kompüter dilçiliyi şöbəsi yaradılıb.
Bundan əlavə, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.
Rəyasət Heyətinin iclasında, eləcə də akademik Yusif Məmmədəliyevin 120, akademik Fəraməz Maqsudovun 95, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin isə 80 illik yubileyləri haqqında qərar qəbul olunub.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər - Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Arif Həşimov, professor Nadir Məmmədli, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktorları – Hikmət Quliyev, Səbuhi Qəhrəmanov, Mehman Həsənli, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.