Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Gəncə Ağsaqqallar Şurasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölməsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Türk dünyası qovşağında milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir" mövzusunda regional konfrans təşkil edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransı ADAU-nun rektoru Zəfər Qurbanov açıq elan edərək, tədbir iştirakçılarını salamlayıb və tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, milli-mənəvi və dini dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Rektor demişdir:"Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm addımlar atılır. Gənclərin milli ruhda tərbiyə olunması, onların tariximizi, mədəniyyətimizi dərindən öyrənməsi istiqamətində müxtəlif layihələr icra edilir. ADAU olaraq biz də bu prosesə töhfə verməyə çalışırıq.”
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov mövzu ilə bağlı fikirlərini bölüşüb və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən Regional Bölməsinin sədri Həsən Məmmədov və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov qarşıda duran vəzifələr barədə öz fikirlərini səsləndiriblər. Onlar, həmçinin milli-mənəvi dəyərlərin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın "Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır" mövzusunda məruzə edərək iki qardaş ölkə arasında tarixi əlaqələrin və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov "Azərbaycan Ağsaqqallar Şurasının qarşısında duran vəzifələr" mövzusunda danışaraq milli dəyərlərin yaşadılması və nəsillərarası ötürülməsində ağsaqqalların rolunu vurğulayıb. O, bu ənənələrin qorunması və gənc nəslə ötürülməsinin vacibliyini bildirib.
ADAU-nun İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova və Şah Abbas məscidinin dini icmasının sədri Əlisəftər Səfərəliyev çıxış edərək, milli-mənəvi dəyərlərin qorunması və inkişafının vacibliyini qeyd edib, bu dəyərlərin gənc nəslə aşılanmasının cəmiyyətin mənəvi bütövlüyü üçün önəmli olduğunu səsləndiriblər.
Konfransda şəhid Rauf Əsgərovun anası Brilyant Əsgərova və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədrinin birinci müavini Zabit Xəlilov da mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Gəncə.