Naxçıvan Dövlət Universitetində “Qədim Xalq Çalğı Alətləri” Ansamblının təqdimatı olub

post-img

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində yeni yaradılan “Qədim Xalq Çalğı Alətləri” Ansamblının konserti olub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, öncə qədim xalq çalğı alətləri nümayiş etdirilib. Nəfəsli alətlər, tar, rud, bərbət, oğuz qopuzu, Naxçıvan tənburu, çəqanə, rübab, çəng, ud, qanun olmaqla 25-ə yaxın digər alət konsert iştirakçılarına təqdim edilib.

Sonra “Qədim musiqi alətlərinin təsviri rəssamlıq əsərlərində” adlı sərgiyə baxış keçirilib.

Naxçıvan Dövlət Universiteti və Musiqi Kollecinin müəllim və tələbələri tərəfindən təqdim edilən müxtəlif musiqi və rəqs nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. "Şüştər rəngi", "Naxçıvan", "Alça gülü", "Sarı gəlin", "Gilənar", "Apardı sellər Saranı", "Güllü qafiyə" kimi musiqi kompozisiyaları xoş ovqat yaradıb.

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının İncəsənət fakültəsinin və Musiqi Kollecinin muxtar respublikanın mədəni həyatında mühüm rol oynadığını vurğulayıb. Konsertlərin universitetin sənət ənənələrinə verdiyi töhfədən bəhs edib, ali təhsil ocağının ansambl və orkestrlərin paytaxtda və ölkədən kənarda baş tutan uğurlu çıxışlarını diqqətə çatdırıb.

Elbrus İsayev kollektivi təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.

Qeyd edək ki, yeni yaradılan ansamblın bədii rəhbəri və yaradıcısı Musiqi Kollecinin müəllimi Fətəli Axundzadədir.





Elm