Dekabrın 6-da AMEA Rəyasət Heyətində türkiyəli alim-jurnalist Aysel Sadak İltaşın ulu öndər Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə foyedə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə dair Azərbaycan Milli Elmlər Akademiyasında nəşr olunmuş kitablardan ibarət sərgiyə baxış olub.
Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan ulu öndər Heydər Əliyevin tarixi obrazının xalqımızın yaddaşında və qəlbində əbədi iz saldığını vurğulayıb.
Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafında Heydər Əliyevin əvəzsiz rolundan danışan akademik İsa Həbibbəyli Ulu öndərin iki ölkə arasındakı əlaqələri XXI əsrin astanasında yeni körpülər yaratmaqla daha da möhkəmləndirdiyini və yeni dövrün böyük təməllərini yaratdığını qeyd edib. AMEA rəhbəri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
O, ölkəmizin digər qurumlarında olduğu kimi, AMEA-da da hər il ümummilli lider Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinə dair müxtəlif kitabların nəşr olunduğunu, çoxsaylı məqalələrin yazıldığını, Ulu öndərin parlaq xatirəsinin böyük ehtiramla yad edildiyini bildirib.
Təqdimatı keçirilən “İnsan ürəyi ilə Heydər Baba” kitabının böyük tarixi əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, nəşrdə ümummilli lider Heydər Əliyevin böyük irsi, dövlətçilik tariximizdə misilsiz xidmətləri, yüksək insani keyfiyyətləri, zəngin mənəvi dünyası geniş şəkildə əks olunub. Kitabda nüfuzlu alimlərin, ictimai-siyasi xadimlərin Ulu öndər haqqında fikirləri, dahi şəxsiyyətlə bağlı xatirələri yer alıb. Heydər Əliyevə həsr olunan bu kitab, Ulu öndərin şəxsiyyətinə böyük hörmətin və dərin ehtiramın ifadəsidir.
Daha sonra Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin deputatı,Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ictimaiyyətə təqdim olunan bu nəşrin ulu öndər Heydər Əliyevi gələcək nəsillərə daha yaxından tanıtmaq üçün dəyərli töhfə olduğunu bildirib.
Millət vəkili, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov isə çıxışında ümummilli lider Heydər Əliyevlə sıx təmasda olmuş, onu yaxından tanımış insanların xatirələrinin toplandığı kitabın əhəmiyyətini qeyd edib.
Tədbirdə, həmçinin Xalq şairi Sabir Rüstəmxanlı, Qazaxıstan Parlamenti Senatının deputatı Darxan Kıdırali, ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Xalq yazıçısı Elmira Axundova, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin deputatı Cantürk Alagöz çıxış edərək kitabın əhəmiyyətindən danışıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda çıxış edən nəşrin müəllifi türkiyəli alim-jurnalist Aysel Sadak İltaş Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirə yekun vuran akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu öndər müasir Azərbaycanın müstəqilliyinin banisidir və o, zəngin dövlət idarəçiliyi təcrübəsi ilə ölkəmizin dünya dövlətləri sırasında özünəlayiq yer tutması üçün önəmli addımlar atıb. AMEA rəhbəri bugünkü Azərbaycanın uğurlarının təməlində dahi liderin arzularının dayandığını vurğulayıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin liderliyində hər birimizin arzusuna çevrilmiş Azərbaycanın dövlət suverenliyi təmin olunub, artıq bütün ölkə ərazisində Dövlət Bayrağımız dalğalanır.
Tədbir boyu ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilib.
Qabil YUSİFOĞLU
XQ