Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti, Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İnformasiya menecmenti və davamlı inkişaf” mövzusunda III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumunun 28 noyabr 2024-cü ildə plenar iclası BDU-da öz işinə başlayıb.
Xarici və yerli qonaqlarla yanaşı, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov da tədbirə qatılaraq, plenar iclasda mövzu ətrafında geniş məruzə ilə çıxış edib.
Noyabr ayının 29-da isə simpoziumun ilk bölmə iclası MEK-də keçirilib. Bölmə iclasını giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov rəhbəri olduğu kitabxana haqqında iştirakçılara ətraflı məlumat verib.
Bölmə iclasında Azərbaycan, Türkiyə və Özbəkistanın 17 universitetini təmsil edən nüfuzlu alimlər, professorlar, gənc tədqiqatçılar, həmçinin Türkiyə Milli Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Türkiyənin bir sıra bələdiyyə kitabxanalarının, ölkəmizin kitabxana və muzey əməkdaşlarının sənəd menecmenti, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar, kitabxana-informasiya fəaliyyəti, muzey, arxiv işi və bu kimi istiqamətlərdə məruzələri dinlənilib.
Bölmə iclasının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Daha sonra qonaqlar Mərkəzi Elmi Kitabxana ilə tanış olaraq buradakı fondlar, guşələr və sənədlər haqqında məlumat alıblar, MEK-ə nəşrlər hədiyyə ediblər.