Dövlət İmtahan Mərkəzi (DİM) və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda “yaşıl enerji” konsepsiyası” mövzusunda tədbir keçirilib.
DİM-dən bildirilib ki, tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub.
Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış edərək dövlətin ekoloji siyasəti, dövlət qulluğunda “yaşıl düşüncə və yaşıl yanaşma”nın təbliği, həmçinin COP29 ərəfəsində tədbirin aktuallığı barədə iştirakçılara məlumat veriblər.
Agentliyin müxtəlif struktur bölmələrinin rəhbərləri “Külək və günəş enerjisinin əsasları”, “Bərpaolunan enerji mənbələri ərazilərinin seçilməsi – dövlət orqanlarının qarşısında duran çağırış”, “Bərpaolunan enerji mənbələri sahəsində investisiya layihələrinin hüquqi bazası” və “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası Konsepsiyası” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli şəxslərinin təqdim olunan məsələlərlə bağlı sualları cavablandırılıb və geniş müzakirələr aparılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib.