AMEA Mərkəzi Elmi Kitabxanasında Xalq yazıçısı, Əməkdar jurnalist, tərcüməçi, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Elmira Axundovanın yeni nəşr edilmiş 2 cilddən ibarət “Aranızda ən böyük dissident mən idim! Heydər Əliyev və yaradıcı ziyalılar” və “Ədəbi gəzintilər: Zaman... Süjetlər... Düşüncələr” adlı kitablarının təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Xalq rəssamı, akademik Ömər Eldarov, Xalq artisti, professor Xuraman Qasımova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.
Akademik İsa Həbibbəyli Elmira Axundovanın Azərbaycanda və onun hüdudlarından kənarda peşəkar publisist kimi qəbul olunduğunu vurğulayıb. Elmira Axundovanın Ulu Öndər Heydər Əliyev haqqında birinci sənədli bioqrafik romanın müəllifi olduğunu qeyd edən akademiya rəhbəri vurğulayıb ki, təqdimatı keçirilən kitablar bir-birini tamamlayaraq ölkənin görkəmli şəxsiyyətlərinin, ziyalılarının Ulu Öndərə münasibətlərinə dair müsahibə və oçerklərdir, Heydər Əliyev epoxasının mühiti və müasirləri ilə birlikdə strategiyasını, siyasətini göstərərək unikal şəkillərlə zəngindir.
Akademik qeyd edib ki, yazıçı Elmira Axundova Ümummilli Liderin siyasi coğrafiyasından bəhs edən çoxcildli əsərləri ilə alternativi olmayan qiymətli mənbələrin müəllifidir və Dövlət Mükafatına layiq görülmüş 6 cilddə, 7 kitabdan ibarət “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyası onun şah əsəridir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli “Xalq yazıçısı Elmira Axundovanın yeni kitabları: dahi şəxsiyyətə və əbədi mövzulara yenidən baxış” mövzusunda məruzə ilə çıxış edib.
Xalq rəssamı Ömər Eldarov, Xalq artisti Xuraman Qasımova, Rəşad Məcid, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova və “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva Elmira Axundovanın əsərlərinin Heydər Əliyev irsinin öyrənilməsi üçün dəyərli mənbə olduğunu qeyd ediblər. Vurğulanıb ki, Heydər Əliyev yaradıcı insanlara həmişə xüsusi hərarətlə yanaşıb, onların problemləri ilə daim maraqlanıb. Çıxışlarda, həmçinin müəllifin görkəmli siyasətçinin milli mədəniyyətin inkişafındakı xidmətlərini hərtərəfli işıqlandırdığı da ətraflı qeyd olunub.
Sonda Elmira Axundova təqdimatı keçirilən əsərlərinin ərsəyə gəlmə prosesindən danışıb, tədbirin təşkilinə görə akademiya rəhbərliyinə və iştirakçılara dərin minnətdarlığını bildirib.
Anar ƏLİ
XQ