UNEC-in “Gələcəyin tədqiqatçıları” adlı qrant layihəsi uğurla yekunlaşıb

post-img

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) reallaşdırdığı “Gələcəyin tədqiqatçıları” adlı qrant layihəsi uğurla yekunlaşıb.

UNEC Tədqiqat Fondu tərəfindən maliyyələşdirilən və UNEC Empirik Tədqiqatlar Mərkəzi tərəfindən icra olunan layihənin yekun hesabat tədbirində universitet rəhbərliyi, müəllim-tələbə heyəti ilə yanaşı, AMEA-nın müxbir üzvü, tanınmış elm xadimi, "Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti professor Rafiq Əliyev də iştirak edib.

Rektor professor Ədalət Muradov UNEC-də elmi fəaliyyətlə bağlı görülən işlərdən və stimullaşdırıcı tədbirlərdən söz açıb: “UNEC-də elmi fəaliyyətin layihələr əsasında maliyyələşdirilməsi məqsədilə ilk dəfə olaraq, iki il öncə universitetin daxili vəsaiti hesabına qrant layihəsi həyata keçirdik. Nəticələr onu deməyə əsas verir ki, bu modeli tətbiq etməklə, böyük uğurlar əldə etmək mümkündür”.

“Gələcəyin tədqiqatçıları” layihəsi barədə məlumat verən rektor bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərdən danışıb. Layihənin UNEC-də gənc alimlər yetişdirən institutun formalaşdırılması, gənclərin elmə marağının artırılması, onlara tədqiqat aparmaq, eləcə də nüfuzlu elmi jurnallarda məqalə yazmaq bacarığının aşılanması məqsədilə reallaşdırdıldığını diqqətə çatdırıb.

Sonra UNEC Empirik Tədqiqatlar Mərkəzinin (ETM) rəhbəri dosent Xətai Alıyev qrant layihəsi çərçivəsində görülən işlər barədə hesabatla çıxış edib. Bildirib ki, layihədə 19 tələbə müxtəlif istiqamətləri əhatə edən mövzular üzrə tədqiqatlar aparıblar. Layihənin proqramı və qiymətləndirmə meyarları dövlət proqramı çərçivəsində UNEC tərəfindən razılıq məktubu ilə Böyük Britaniyanın Qlazqo Universitetində təhsili alan və ETM-nin rəhbərinin müavini Nicat Muradzadə tərəfindən hazırlanıb. Layihə çərçivəsində tələbələrə mentorluq də dəstəyi göstərilib.

Tədbirdə iştirak edən tanınmış elm xadimi professor Rafiq Əliyev UNEC-də elmi fəaliyyətin artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib: “İqtisad Universitetində illər öncə elmi tədbirlərdə iştirak etsəm də, həmin dövrlərdə Web of Science, Scopus kimi bazalarda elmi məqalələrin dərc olunması ilə bağlı müzakirələrin aparılmasının şahidi olmamışam. Son illər UNEC-də bu istiqamətdə görülən işlər və əldə olunan nəticələr məni çox sevindirir”. Prof.Rafiq Əliyev elmi fəaliyyətlə bağlı gənclərə tövsiyələrini verib, eləcə də elmin klasterləşdirilməsi modeli ilə bağl fikirlərini bölüşüb.

Çıxışlardan sonra gələcək elmi potensialın formalaşdırılmasını hədəfləyən Bs, Ms və PhD təhsilinin digərlərindən (BBA, MBA və DBA) fərqləndirilməsi, Bs, Ms və PhD arasında keçidin təmin edilməsi, elmi layihələrin müsabiqə əsasında maliyyələşdirilməsinə keçid, gənc tədqiqatçılar üçün xüsusi dəstək proqramının tədbiqi barədə təkliflər səsləndirilib.

Sonda layihənin iştirakçılarına sertifikatlar təqdim olunub.

XQ

 



Elm