AMEA-nın A.A.Bakıxanova adına Tarix və Etnologiya İnstitutunda “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” adlı kitabın təqdimatı keçirilib.
İnstitutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib ki, Türk Tarix Qurumunun başqanı professor Yüksel Özgenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Məqsəd Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının təqdimatını keçirmək, bu səfər çərçivəsində “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfransda iştirak etməkdir.
Professor Kərim Şükürov Tarix və Etnologiya İnstitutu ilə Türk Tarix Qurumu arasında sıx əlaqələrin qurulduğunu, bu əlaqələrin ildən ilə genişləndiyini, birgə fəaliyyət üçün yeni istiqamətlərin yarandığını vurğulayıb. Hazırda Azərbaycan-Türkiyə tarixinin müxtəlif dövrlərinin tədqiqi ilə yanaşı, mixi yazıların öyrənilməsi, arxeologiya, etnologiya sahələrində əməkdaşlıq formatları barədə müzakirələr aparılır. Elmi nəşrlər, indeksləşmə bazaları, birgə konqreslərin keçirilməsi sahəsində və s. əməkdaşlıq məsələlərinə toxunan professor Kərim Şükürov “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının tarixçilər, diplomatlar, geniş oxucu kütləsi üçün mühüm əhəmiyyət daşıdığını, bu kitabın yazılmasında türk və azərbaycanlı mütəxəssislərin iştirak etdiyini söyləyib.
Yüksel Özgen Tarix və Etnologiya İnstitutu ilə əməkdaşlıqlarının genişləndiyini, 2021-ci il sentyabrın 15-də Ağdamda “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpoziumda, 2023-ci il noyabr ayında “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq konfransda iştirak etdiklərini xatırladıb. Professor Yüksel Özgen Azərbaycanla, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa böyük önəm verdiklərini deyib. O, “Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabının 16 bölümdən, 862 səhifə olduğunu, kitabın redaktorunun Prof. Dr. İbrahim Tellioğlunun olduğunu, kitabın yazılmasında Ahmet Taşağıl, Aydın Usta, Bekan Köksü və başqalarının, azərbaycanlı tarixçilər Kərim Şükürov, Şahin Fərzəliyev, Tofiq Mustafazadə, İradə Məmmədova, İlqar Niftəliyev, Musa Qasımlının iştirak etdiklərini deyib. Yüksel Özgen Azərbaycanla yanaşı, Özbəkistanla da eyni mövzuda kitabın yazılması prosesinin başladığını, bu işin ortaq türk tarixinin yazılmasının bir parçası olduğunu vurğulayıb.
Türk Dövlətləri Birliyi çərçivəsində ortaq türk tarixi, etnologiyası, arxeologiyası sahəsində elmi əməkdaşlığın inkişafına mühüm önəm verdiklərini söyləyən Türk Tarix Qurumu başqanı hazırda ölkələrarası siyasi və mədəni iqlimin elmi əlaqələrin inkişafı baxımdan əlverişli olduğunu bildirib.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, deputat Musa Qasımlı kitabın nəşrini Azərbaycan-Türkiyə elmi əməkdaşlığı baxımından böyük bir gün sayıb, belə bir kitabın nəşri üçün Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürova, Türk Tarix Qurumunun başqanı Yüksel Özgenə minətdarlığını bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Mühiddin Macid belə bir kitabın nəşrinin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı baxımdan mühüm bir addım saydığını söyləyib.
Anar TURAN
XQ