AzMİU-da Aprel döyüşləri qaziləri ilə tələbələrin görüşü təşkil edilib

post-img

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin Aprel döyüşləri qaziləri ilə görüşü keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzMİU-dan bildirilib ki, açılış nitqi ilə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev qalib xalqın vətəndaşları olmağımızla qürur duyduğumuzu, qazilərimizlə fəxr etdiyimizi vurğulayıb.

Qazilər tələbələrə Aprel döyüşləri, I və II Qarabağ müharibəsi, eləcə də bəzi mühüm hərbi əməliyyatlar haqqında danışıb, öz döyüş yollarını, tarixi zəfərlərimizlə bağlı keçirdikləri hissləri gənclərlə bölüşüblər.

Qeyd olunub ki, Azərbaycanda ordu, xalq və siyasi hakimiyyətin birliyi uzun zaman sonra bu döyüşlərdə göstərilib. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, döyüş qabiliyyətini, xalqımızın birliyini və torpaqlarımızın qaytarılması ilə bağlı qətiyyətimizi ən yüksək səviyyədə göstərərək İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfərin başlanğıcı oldu.

Sonda qonaqlar gəncləri bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmağa, Vətənimizi hər bir sahədə layiqincə təmsil etməyə çağırıb, tövsiyələrini verib, onları maraqlandıran sualları cavablandırıblar.





Elm