AMEA prezidenti “İraq kültür bakanlığı mükafatı”na layiq görülüb

post-img

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyanın Rəyasət Heyətində tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə Azərbaycan-Kərkük ədəbi əlaqələrindən söz açılıb, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin İraqda, görkəmli Kərkük ədəbiyyatşünası Əta Tərzibaşının 100 illik yubileyinin isə Bakıda elmi konfranslarla keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Şəmsəddin Kuzəçi İsa Həbibbəyliyə təltif olunduğu “İraq kültür bakanlığı ödülü”nü təqdim edib. Həmçinin, türkmən yazarın yeni nəşr edilmiş  “Məqalələr” toplusu da AMEA rəhbərinə hədiyyə edilib.

İsa Həbibbəyli isə bu günlərdə akademiyada çap olunmuş Mahmud Kaşğarinin “Divani-lüğat-it-türk” və Məhəmməd Füzuliyə həsr olunmuş kitabları tanınmış Şəmsəddin Kuzəçiyə hədiyyə edib.

Görüşdə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidentləri, akademiklər İradə Hüseynova və Gövhər Baxşəliyeva, həmçinin filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev iştirak ediblər.

Anar ƏLİ

XQ

 

Elm