Martın 13-də Laçın rayonunun Zabux kəndində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində ilk həkim məntəqəsinin açılışı olub. Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl, “Laçın Abadlıq Xidməti” MMC-nin direktoru Nəsimi Ağayev, kənd icra nümayəndəsi, sakinlər, ziyalılar və tibb işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Dövlət Himni səsəndirilib. Vətənin bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Nəhmət Rəhmanov bildirib ki, ölkədə əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində dövlət dəstəyini hər bir Azərbaycan vətəndaşı hiss edir: “Səhiyyə xidmətinin gündən-günə yaxşılaşması üçün çoxsaylı tədbirlər görülür. Zabuxdakı açılış başqa bu cür tədbirlərdən deyil. Bu qüruru bizə bəxş edən müzəffər Ali Baş Komandanımıza və ordumuza minnətdarıq. Qazilərimizə Allahdan can sağlığı diləyirik. Allah şəhidlərimizə rəhmət eləsin”.
Onun sözlərinə görə, ən müasir üslübda tikilmiş, bütün avadanlıqlarla təchiz olunmuş bu məntəqənin açılışı Zabux kəndində yaşayan sakinlərin sağlamlığında mühüm rol oynayacaq. Sağlamlığın təməl prinsipi təmiz su və havadır. Zabuxun suyu, havası bu tibb məntəqəsinə ehtiyacı maksimum azaldacaq. Tibb işçiləri olaraq bizim borcumuz bu kənddə ilkin səhiyyə xidmətlərinin göstərilməsini təmin etməkdir. İlk növbədə, ana və uşaqların sağlamlığı bizim üçün prioritetdir. Burada yardıma ehtiyacı olan hər bir halda ixtisaslı həkimlərin və mobil tibbi qurğulardan istifadə etməklə Zabux əhalisi yüksək səviyyəli tibbi xidmətlə təmin ediləcək”.
Hüseyn Quliyev toplaşanları Novruz bayramı münasibətilə təbrik edib, 31 ildən sonra Laçının sərhəd ərazisində belə bir tibb məntəqəsinin açılmasını böyük nailiyyət adlandırıb.
Vüqar İmranov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa- quruculuq işləri dünya standartlarına uyğun, yüksək səviyyədə təşkil olunur: “Bu gün Azərbaycanın sərhəd kəndində tibb məntəqəsi, orta məktəb və digər iaşə obyektləri açılır. Bütün bunlar ondan xəbər verir ki, burada ən yüksək səviyyəli infrastruktur layihələri həyata keçirilir”.
Yekunda çıxış edən Orxan Cəbrayıl qeyd edib ki, bu gün səhiyyə işçiləri üçün xüsusi əhəmiyyət kəsb edir: “Zabux kənd həkim məntəqəsi 2023-cü ilin may ayından bəri Böyük Qayıdışa dair Dövlət Proqramı əsasında Laçında Rayon Mərkəzi Xəstəxanası və Laçın Ailə Sağlamlıq Mərkəzindən sonra üçüncü tibb ocağıdır. Bu müəssisəyə fəaliyyətində uğurlar arzulayırıq. Tibb məntəqəsində beş nəfərdən ibarət Zabux kənd sakini də işə başlayacaq”.
Məntəqənin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yaradılan şəraitlə tanış olublar.
P.ƏMİRCANOV
XQ