“Qərbi Azərbaycan tədqiqatları: ilkin yekunlar və vəzifələr” mövzusunda elmi konfrans

post-img

AMEA-nın Rəyasət Heyətinin binasında “Akademiyada Qərbi Azərbaycan tədqiqatları: ilkin yekunlar və vəzifələr” mövzusunda elmi konfrans keçirilib.

Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın Qərbi Azərbaycan Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının üzvləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, eləcə də Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan alimlər və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq ölkə başçısının 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə öz tarixi dədə-baba yurdlarından qovularaq deportasiyaya və soyqırımına məruz qalmış soydaşlarımızın son 200 illik tarixi üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması üzrə müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ötən bir il ərzində Qərbi Azərbaycan İcması dövlət başçısının qarşıya qoyduğu tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmiş, genişmiqyaslı təşkilatlanaraq bir çox beynəlxalq sənədlərin qəbul edilməsinə, BMT, UNESCO və dünyanın digər beynəlxalq təşkilatlarının Qərbi Azərbaycanla bağlı məsələlərə reaksiya verməsinə nail olmuşdur.

AMEA-da da önəmli addımların atıldığını deyən akademik Rəyasət Heyətinin qərarı ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda isə Toponimika şöbəsinin yaradıldığını vurğulayıb.  “Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsi “Xalq qəzeti” ilə Qərbi Azərbaycandakı yer adları və soydaşlarımızın deportasiyaya məruz qalması ilə bağlı ictimai müzakirələr təşkil edib. Dilçilik İnstitutunun Toponimika şöbəsi “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabını ərsəyə gətirib. Hazırda “Qərbi Azərbaycan dialektoloji atlası”nın hazırlanması üzrə işlər davam etdirilir. Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsində hazırlanmış “Qərbi Azərbaycan folklor örnəkləri” toplusu çap mərhələsindədir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “Qərbi Azərbaycan tarixi elmi tədqiqatlarda” mövzusunda çıxış edib. Bildirib ki, 2023-cü ildə şöbədə “Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası: XIX-XX əsrlər (arxiv sənədləri)”, “Qərbi Azərbaycan tarixinə dair mənbələr” mövzuları üzrə materiallar toplanıb, “Qərbi Azərbaycan tarixi atlası”nın strukturunun ilk variantı hazırlanaraq tərtib edilib, eləcə də “Qərbi Azərbaycan tarixinin tarixşünaslığı” adlı mətnin ilk variantı hazırlanıb, həmçinin bir sıra məqalələr ərsəyə gətirilərək çap olunub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılov “Qərbi Azərbaycan toponimlərinin elmi təsnifatı” adlı məruzəsində bildirib ki, Qərbi Azərbaycanda mövcud olan toponimlərin mütləq əksəriyyəti türk mənşəlidirlər.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Əziz Ələkbərli “Qərbi Azərbaycan folklorunda tarixilik” adlı çıxışında icmanın geniş təşkilatlanma prosesində olduğunu, rayon və kəndlərdə nümayəndəliklərinin yaradılmaq üzrə olduğunu deyib. Qeyd edib ki, həyata keçirilən bu işlər Qərbi Azərbaycan üzrə toponimlərin, xüsusilə mikrotoponimlərin toplanılması prosesinə mühüm töhfə verəcək. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, aqrar elmlər doktoru Yasin Kərimov “Azərbaycanın tarixi torpaqlarındakı yaşayış məntəqələri adlarının rəsmi sənədlərlə saxtalaşdırılması” adlı məruzə ilə çıxış edib. 

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Qərbi Azərbaycan ərazisi ilə bağlı olan toponimik vahidləri, bu adlarla bağlı çoxparametrli məlumatları özündə əks etdirən Qərbi Azərbaycan Toponimik vahidlərinin Geoinformasiya Sisteminin yaradılmasını təklif edib. Konfransda, həmçinin AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva, Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və Mərkəzi Elmi Kitabxananın direktoru, professor Məmməd Əliyev sual və təkliflərini səsləndirib, çıxışlar ətrafında fikirlərini bildiriblər.

Anar ƏLİ
XQ

Elm