Şərqşünas alimin “Heydər Əliyev və Türk dünyası” kitabı çapdan çıxıb

post-img

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Elman Quliyevin Bakıda türk dilində “Heydər Əliyev və Türk dünyası” adlı kitabı çapdan çıxıb.

Bu barədə  institutdan məlumat verilib. Bildirilib ki, kitabda Ulu Öndər Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı fikirləri təhlil edilib. Eyni zamanda, Ümummilli Liderin ümumtürk mədəniyyəti nümunəsində türk xalqları ədəbiyyatı məsələlərini dəyərləndirməsi təhlil edilib.

Kitabda qeyd olunur ki, Ulu Öndər Heydər Əliyev Atatürk şəxsiyyətini dəyərləndirərkən onu yüksək qiymətləndirib, müasir Türkiyənin tərəqqisini Atatürk ideyalarının təsirləri ilə əlaqələndirib. O, öz çıxışlarında həmişə Atatürkdən öyrənməyi və ondan nümunə götürmək yollarını təbliğ edib. Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin yaranma və inkişafının da Atatürkün fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu xüsusi vurğulayırdı.

Nəşrdə Ulu Öndərin türk mədəniyyətinə olan diqqət və qayğıları da xüsusi qeyd olunub. Professor Elman Quliyev Ulu Öndərə həsr etdiyi kitabında Heydər Əliyevi türk ədəbiyyatı və mədəniyyətinin hamisi kimi təqdim etməyi bacarıb. Heydər Əliyevin türk folkloru, türk yazılı ədəbiyyatı və onun nümayəndələri barədə söylədiyi fikirləri diqqət mərkəzində saxlayıb.

Elm