Mərakeş qəzetində Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc olunub

post-img

Dekabrın 12-də Mərakeşin fransızdilli nüfuzlu “Al Bayane” qəzetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, “Heydər Əliyev - Azərbaycan dövlətinin və onun Mərakeşlə əməkdaşlığının banisi” adlı məqalədə Ulu Öndərin Azərbaycan xalqını dövrün tarixi və siyasi sınaqlarından uğurla çıxaran, onu müstəqilliyə aparan güclü şəxsiyyət olduğu vurğulanır. Bununla yanaşı, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ölkə tarixinin parlaq səhifəsi olduğu və müstəqil dövlət quruculuğunda dahi şəxsiyyətin misilsiz xidmətləri diqqətə çatdırılır.

Yazıda, həmçinin Ulu Öndərin Azərbaycanla Mərakeş arasında münasibətlərin əsasının qoyulmasındakı rolundan bəhs edilir. Bu xüsusda Heydər Əliyevin 1994-cü ilin dekabrında İƏT-in Zirvə toplantısında iştirak etmək üçün Kasablankaya səfəri və bu çərçivədə Mərakeş Kralı II Həsənlə görüşünün tarixi əhəmiyyəti vurğulanır. İki ölkə rəhbərlərinin strategiyasının hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Kral Əlahəzrət VI Məhəmməd tərəfindən uğurla inkişaf etdirildiyi də bildirilir.

Müəllif 2023-cü ilin Azərbaycanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi kimi qeyd edildiyini bildirib. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Liderin xatirəsini həmişə əziz tutduğunu, yad etdiyini, onun hakimiyyətə qayıdışı gününün isə ölkədə milli bayram kimi qeyd edildiyini diqqətə çatdırıb.

Sosial həyat