Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərindən olan “Məktəb də evimdir!” valideyn-məktəb münasibətlərinin inkişafına dəstək proqramı layihəsinə start verib. Məlumat agentlikdən verilib.
Mərasimdə layihə rəhbəri, ekspert, məktəb direktorları, şagird və valideynlər, məktəb müəllimləri iştirak ediblər.
Layihə rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi məktəbin ibtidai siniflərinin valideynlərini təlimatlandıraraq valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş dəstəkverici təşəbbüslərin təşkilinə, məktəbdə psixososial vəziyyətinin yaxşılaşdırılmasına və valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək olmaqdır.
Layihə çərçivəsində valideyn təşəbbüsləri də irəli sürülüb. Belə ki, ibtidai sinifdə təhsil alan şagirdlərlə valideynləri müəllimlərlə birgə dibçəklərdə güllər əkib və məktəb dəhlizinin bəzədilməsi məqsədilə divara şəkillər çəkiblər.
Qeyd olunub ki, layihə çərçivəsində həm də idarəetmə komandası formalaşdırılıb, ibtidai siniflərdə valideynlər tərəfindən təşəbbüslər həyata keçirilib. Növbəti mərhələdə “Məktəb də evimdir!” adlı təlim proqramı təşkil olunacaq və proqramda iştirak üçün valideynlərin seçimi aparılacaq.
Qeyd edək ki, layihə 30 oktyabradək davam edəcək.
Rizvan FİKRƏTOĞLU
XQ