Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Sovet ədəbiyyatı anlayışının nəzəri-estetik prinsipləri” mövzusunda elmi seminar məşğələsi keçirilib.
Tədbirdə məruzəçi, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Musayeva əvvəlcə “Sovet ədəbiyyatı” anlayışının mahiyyəti, məna miqyası və yaradıcılıq prinsipləri haqqında fikirlərini diqqətə çatdırıb. Bildirib ki, sovet ədəbiyyatşünaslığında D.Zatonskinin “Roman sənəti və XX əsr”, G.Lomidzenin “Birlik və müxtəliflik. Sovet ədəbiyyatının milli xüsusiyyətləri məsələləri”, X.Əliyevin “Müasir Azərbaycan romanı”, S.Əsədullayevin “Roman haqqında qeydlər” kitabları müəyyən dərəcədə realizm metodunun ədəbiyyatda və xüsusən roman sənətində formalaşması və inkişaf yolları haqqında həqiqətə uyğun şəkildə məlumat verən, təhlillər ortaya qoyan mənbələr kimi qeyd olunmalıdır.
Daha sonra İradə Musayeva 1920-1930-cu illər ədəbiyyatının metod nəzəriyyəsi tarixinə nəzər salaraq, sosialist realizmi metodunun əsas yaradıcılıq prinsipi kimi qəbulu hadisələrindən danışıb. Diqqətə çatdırıb ki, XX əsrin 20-ci illərində sosialist realizmi tələbləri ilə deyil, azad ilhamla yaradılmış bütün bədii nümunələr sonralar ya kəskin tənqid edilir, ya da ədəbiyyatşünaslığın diqqətindən kənarda saxlanılırdı.
İradə Musayeva 1930-cu illər romançılığına dövrün siyasi repressiyaları mühitində də qiymət verərək vurğulayıb ki, dünya romanlarından fərqli olaraq XX əsrin birinci yarısında Azərbaycanda yazılan romanlarda insanın daxili aləmi, hiss və duyğular dünyasından daha çox hadisə və münasibətlər, pafoslu üslub tendensiya idi.
Məruzəçi çoxillik Azərbaycan sovet ədəbiyyatı təcrübəsinin nəzəri estetik məsələlərini 1930-1960-cı illərin bədii külliyyatının dəyərli nəsr örnəkləri timsalında təhlil edib.
Elmi seminar məşğələsi muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva, filologiya üzrə fəlsəfə doktoru Afət Qədirovanın sual və çıxışları ilə davam edib.
Anar ƏLİ,
“Xalq qəzeti”