Bu mövsüm PSJ-dən ayrılan "Barselona" klubunun sabiq futbolçusu Lionel Messi ilə bağlı son zamanlar yayılan bütün söz-söhbətlərə son qoyuldu. Argentina millisinin futbolçusu Lionel Messi yeni klubunun adını açıqlamaqla ictimaiyyətin həmin məlumatları təkzib edib.
36 yaşlı hücumçu "Mundo Deportivo"ya müsahibəsində ABŞ-ın "İnter Mayami" komandasına keçəcəyini söyləməklə hər kəsi təəccübləndirib. Belə ki, ötən ay Leonun "Əl Hilal", "Əl Əhli" və digər çox zəngin ərəb klublarından birinə keçəcəyi məsələsi gündəmə gəlmişdi. Lakin atalar məsəli var, "sən yadığını say, gör fələk nə sayır". Belə də oldu.
Qeyd edək ki, futbol ictimaiyyətinin böyük bir kəsimi isə Lionel Messinin uzun illər formasını geyindiyi "Barselona" klubuna qayıdacağını gözləyirdi. Lakin Leo uzun illər formasını geyindiyi "Barselona"ya qayıtmayacağını söyləyib.
Yeri gəlmişkən, artıq "İnter Mayami" klubu da sosial şəbəkə hesabları üzərindən ulduz futbolçunun transferi ilə bağlı paylaşımlar edib.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"