Parisdə Beynəlxalq Elmi Şura üzvlərinin aralıq toplantısı keçirilib

post-img

Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Elmi Şura (İSC) üzvlərinin aralıq toplantısı keçirilib. Bu məqsədlə, dünyanın əksər ölkələrinin elmlər akademiyalarından, beynəlxalq elmi cəmiyyətlər, assosiasiyalar və birliklərdən 300-ə yaxın nümayəndə bir araya toplanıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva iştirak edib.

Toplantını İSC-nın prezidenti Peter Gluckman giriş sözü ilə açaraq İSC-nin 2018-ci ildə təbiət elmləri üzrə Beynəlxalq Elmi Şura (İCSU) və İctimai Elmlər üzrə Beynəlxalq Şuranın (İSSC) birləşməsi olaraq yarandığını və elmin qlobal səsi missiyasını daşıdığını bildirib, onun fəaliyyətini və mövcud problemləri diqqətə çatdırıb. Açılış mərasimində, həmçinin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasının prezidenti aparatının baş elmi məsləhətçisi Johannes Cullmannın iştirakçılara video müraciəti səsləndirilib. O, qlobal problemlərin həllində elmi ictimaiyyətin rolunu vurğulayaraq, tədbirin işinə uğur arzu edib.

Tədbirdə elm siyasətinin formalaşdırılmasında milli elmlər akademiyalarının rolu, İSC-nın bu günü və gələcəyi, qlobal kontekstdə elmin inkişafı, elmi diplomatiya, qadınlar elmdə, transdisiplinar elmin inkişafı, davamlılıq üçün cəmiyyətin transformasiyasında elmin qlobal təsirinin artırılması, elmin sərbəstliyi və məsuliyyəti, beynəlxalq elmi məkanda gənc alimlərin yerinin gücləndirilməsi, təqaüd proqramları və s. kimi mövzular müzakirə edilib. İSC-nin Avropa, Afrika, Latın Amerikası, Karib hövzəsi və Asiya-Sakit okean regionları üzrə nümayəndəlikləri, həmçinin İSC-yə bağlı olan elmi qurumların fəaliyyəti təqdim edilib. Toplantı iştirakçıları mövcud problemlər, imkanlar, həmçinin İSC üzvlərinin hüquq və vəzifələrini müzakirə ediblər.

Tədbir zamanı E.Əlirzayeva müxtəlif ölkələrin elmi qurumları və beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirələr aparıb.

Anar ƏLİ,

“Xalq qəzeti”

Elm