Yüksək Texnologiyalar Parkında “SABAH.lab” Akselerasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş

post-img

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) “SABAH.lab” Akselerasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.

YTP-dən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Yüksək Texnologiyalar Parkının nəzdində fəaliyyət göstərən təcrübə-sınaq laboratoriyasının fəaliyyəti ilə tanış olub. Qonaqlara laboratoriyanın avadanlığı, onların təqdim etdiyi xidmətlər haqqında məlumat verilib.

Daha sonra nümayəndə heyəti YTP-nin rezident müəssisələri olan “İntertek Azəri LTD” MMC, Elm və Təhsil Nazirliyinin “Təcrübə Sənaye Zavodu” MMC və ”Bakı Polimer İstehsalat” MMC-də sınaq və istehsal prosesləri ilə tanış olublar.

Qeyd edək ki, “SABAH.lab” Akselerasiya Mərkəzi Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir. Mərkəzin yaradılmasında əsas məqsəd gənc sahibkarlar ətrafında davamlı bir ekosistem yaratmaqla yerli və xarici bazarların xidmət və məhsullarına olan tələbatı ödəyəcək şirkətlərin inkişafına təkan verməkdir.

YTP-nin baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Yüksək Texnologiyalar Parkının infrastrukturu, görülmüş və planlaşdırılan işlər haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkı tədqiqatlara əsaslanan sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli bir platformadır. YTP-da fəaliyyət göstərən müəssisələrin innovativ iqtisadiyyata verdikləri töhfələrdən danışan baş direktor “Texnoparklar haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn azad olmalar və üstünlüklər barədə qonaqları məlumatlandırıb.

Qarşılıqlı müzakirələrlə keçən görüşdə “SABAH.lab”ın baş icraçı direktoru Rəhim Bayramlı YTP-nın imkanlarından istifadə etməkdə maraqlı olduqlarını və qarşılıqlı faydalı əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb.

Görüş zamanı birgə əməkdaşlığa dair konkret təkliflər səsləndirilib, o cümlədən YTP-nın İnkubasiya və Texnologiyaların Transferi Mərkəzi ilə müştərək inkubasiya proqramının icra edilməsi təşəbbüsü irəli sürülüb.

Elm