Şirvan şəhərinin “Köhnə şəhər” hissəsində, Kür çayının sahilində yerləşən İsmət Qayıbov adına parkda genişmiqyaslı yenidənqurma və əsaslı təmir işlərinə başlanılıb. İşlər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilir.
Parkın ərazisi 2,5 hektardır. Parkın mövcud vəziyyəti və şəhər əhalisinin çoxsaylı müraciətləri nəzərə alınaraq yenidənqurma layihəsi hazırlanıb. Park ərazisində 5 ədəd idman qurğusu, 1 ədəd turnik kompleksi, 3 ədəd yelləncək, 1 ədəd kompleks uşaq əyləncə qurğusu yer alacaq.
Hazırda parkda işlər davam etdirilir. Parkın yaxın zamanda şəhər sakinlərinin və qonaqların istifadəsinə verilməsi planlaşdırılır.
Qeyd edək ki, mədəniyyət və istirahət parkının tarixi mənbələrdə 1880-ci ildə bağ kimi salındığı qeyd olunur, 1991-ci ildən isə İsmət Qayıbov adına park adlandırılıb. Parkın ərazisində Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun büstü ucaldılıb. Park Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə ölkə əhəmiyyətli bağ, park, monumental və xatirə abidəsi kimi qeydiyyata alınıb.
FİDAN
XQ