Energetika naziri Pərviz Şahbazov 1-ci İstanbul Enerji Forumu çərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir çıxışında artan enerji tələbatını qarşılamaq, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə bağlı müasir enerji çağırışlarının həllində regional və beynəlxalq enerji əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. Hazırda Azərbaycandan 30-a yaxın ölkəyə neft tədarük olunduğunu, dekabrdan isə qazla təchiz edilən ölkələrin sayının 12-yə çatacağını bildirən P. Şahbazov artıq enerji əməkdaşlığının bərpaolunan enerji ilə daha da genişləndiyini vurğulayıb.
Eyni zamanda, COP29 Sədrliyinin enerji təşəbbüslərinin qlobal “yaşıl enerji keçidi”ni sürətləndirən rolundan bəhs edilib. Qeyd ounub ki, bu təşəbbüslər Azərbaycanın bərpaolunan enerji sahəsindəki iddialı milli və beynəlxalq proqramlarına əsaslanır. Nazirin sözlərinə görə, bərpaolunan enerjinin milli inkişaf proqramı çərçivəsində 2027-ci ilədək həyata keçirilən 2 qiqavatlıq genişmiqyaslı “yaşıl” enerji layihələri sərbəstləşən 1,2 milyard kubmetr qazın ixraca yönəldilməsinə imkan yaradacaq.
P.Şahbazov bərpaolunan enerjinin inkişafına dair beynəlxalq proqramın bir neçə “yaşıl enerji dəhlizi” layihəsindən ibarət olduğunu diqqətə çatdıraraq deyib ki, “Azərbaycan – Türkiyə – Avropa”, “Xəzər –Qara dəniz – Avropa” və “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizləri enerji təhlükəsizliyi və enerji keçidində regional enerji əməkdaşlığını gücləndirəcək. “Bu gün Bolqarıstanın təşəbbüsü ilə Gürcüstandan Türkiyə və daha sonra Avropaya “yaşıl” enerjinin tədarükü imkanlarını da müzakirə etdik. Bütün bu interkonnektorlar yalnız enerji təhlükəsizliyinə deyil, həm də qlobal enerji keçidinin sürətlənməsinə töhfə verəcək”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə Gürcüstan, Macarıstan, Bolqarıstan, Moldova, Serbiya, Özbəkistan və Liviya nümayəndələri də iştirak ediblər.