COP29 çərçivəsində “İtki və zərər üzrə iqlim fəaliyyətinin genişləndirilməsi: Santyaqo Şəbəkəsinin tam fəaliyyətinin təmin edilməsi”mövzusunda keçirilən sessiyada çıxış edən COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son dövrlər iqlim dəyişmələrinin təsirindən daha çox Pakistan, Konqo, Karib hövzəsi ölkələrinin üzləşdiyini, mülki şəxslərin fəlakətlərin qurbanına çevrildiyini bildirib.
Nazir COP çərçivəsində həmin ərazilərdən olan insanlarla görüşüb-danışdıqlarını, həqiqətən də onların vəziyyətinin iqlim dəyişikliyinə görə çox acınacaqlı olduğunu diqqətə çatdırıb.
COP29-un prezidentinin sözlərinə görə, itki və zərərlərin yüngülləşdirilməsi, aradan qaldırılması üçün Santyaqo Şəbəkəsinin öz səylərini daha da möhkəmləndirməsi və həll yolları tapması zəruridir. Çünki itki və zərərlərin aradan qaldırılmasında bu şəbəkə mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, beynəlxalq mexanizmlərin də təkmilləşdirilməsinə ciddi ehtiyac var.
Sessiyada dünyada iqlim dəyişikliyinin mənfi təsirlərinin getdikcə daha çox hiss olunduğu, bunun hazırda inkişaf yolu keçən ölkələrdə daha çox nəzərə çarpdığı qeyd edilib. Eyni zamanda, itki və zərərin qarşısının alınması məqsədilə xüsusilə həssas inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün institusional arxitektura yaratmağın vacibliyi vurğulanıb.