“Azərbaycan İnvestisiya Şirkəti” ASC COP29 çərçivəsində ölkənin yaşıl iqtisadiyyatının gücləndirilməsinə töhfə verən layihələrin həyata keçirilməsi məqsədilə xarici tərəfdaşlarla dayanıqlı inkişaf və innovasiyaların təşviqinə yönəlik mühüm razılaşmalar imzalayıb.
Azərbaycan İnvestisiya Şirkəti ilə Türkiyənin “Dias Bilişim ve Teknoloji Hizmetleri A.Ş.” şirkəti arasında imzalanmış “Depozit idarəetmə sistemi” layihəsi üzrə Anlaşma Memorandumu çərçivəsində ölkəmizdə plastik və şüşə qabların toplanması həyata keçiriləcək. Eyni zamanda, depozit idarəetmə sistemi təşkil olunacaq. Layihə təkrar emalı stimullaşdırmaq və dairəvi iqtisadiyyata töhfə vermək məqsədi daşıyır. Depozit idarəetmə sisteminin tətbiqi ilə Azərbaycanda təkrar emal potensialının əhəmiyyətli dərəcədə artırılması gözlənilir.
İkinci Anlaşma Memorandumu AİŞ-lə Böyük Britaniyanın “Carbonbit Technologies” şirkəti arasında karbon texnologiyalarının inkişafı və kommersiyalaşdırılması sahəsində birgə iş məqsədilə imzalanıb. Layihə ölkəmizdə karbon texnologiyalarının inkişafını hədəfləyir. Müasir karbontutma həllərinə investisiya yatırmaqla Azərbaycan karbon emissiyalarını azaltmağa və iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfələri artıracaq.
Üçüncü Anlaşma Memorandumu isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və BP-nin törəmə şirkəti “Volts” ilə imzalanıb. Sənəd Azərbaycanda enerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstək verilməsini nəzərdə tutur. Bu təşəbbüs ölkənin təmiz enerjiyə keçidini gücləndirmək baxımından önəmli addımdır.
Tədbirdə, həmçinin “Azərbaycan İnvestisiya Şirkəti”, “SOCAR Downstream” və “Technip Energies Italy S.P.A” tərəfindən yaradılmış “Ecostar” MMC-nin nizamnaməsi imzalanıb. “Ecostar” MMC “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinə dair ön mühəndislik layihələndirməsini həyata keçirəcək və plastik tullantı materiallarından istifadə etməklə piroliz yağı istehsal edəcək.