Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edən ABŞ Prezidentinin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi çox qısa müddət ərzində COP29-un, həqiqətən, vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyinin şahidi olduğunu bildirib.
Onun sözlərinə görə, 29-cu iqlim konfransı artıq dünyanın qazıntı yanacaqlarından uzaqlaşmağa başladığını, bunu açıq şəkildə ifadə edən Dubay konsensusunda formalaşmış inamın daha da gücləndiyini və sessisiyanın nüfuzlu bir platformaya çevrildiyini göstərir: “Ümid edirəm ki, bu, Dubayda qarşıya qoyulan bərpaolunan enerji mənbələrini 3 dəfə artırmaq hədəflərində irəliləyişin qeydə alınacağı COP tədbiri olacaq. Əminəm ki, dünya vacib ambisiyalar ətrafında birləşərək irəli addımlaya biləcək”.