Azərbaycan bank sektoru BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölkədə “yaşıl transformasiya” çərçivəsində maliyyə öhdəliklərinin həcmini açıqlayacaq. Bunu COP29 jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
COP29 çərçivəsində noyabrın 14-də keçiriləcək konfransdakı müzakirələrin maliyyə məsələlərinə həsr olunacağını diqqətə çatdıran bank sədri deyib ki, rəhbərlik etdiyi qurum maliyyə sektoru ilə birlikdə üç tədbir keçirəcək. Burada, həmçinin bank sektorunun Azərbaycanda “yaşıl transformasiya”nın maliyyələşdirilməsi üzrə üzərinə götürdüyü maliyyə öhdəliklərinin həcmi açıqlanacaq.
T.Kazımovun sözlərinə görə, həmin tarixdə ölkəmizin bank sektorunun 2030-cu ilin sonuna qədərki maliyyə öhdəlikləri də elan ediləcək.