Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Emi Pop BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı verdiyi bəyanatda iqlim miqrasiyasının bəşəriyyətin gələcəyi üçün narahatlıq mənbəyi olmaqla bərabər, həm də bu gün dünyada milyonlarla insanın yaşadığı real problem kimi diqqət çəkdiyini qeyd edib.
Emi Pop COP29 gündəliyi ilə bağlı müzakirələrdə iştirak edən dünya liderlərini iqlim dəyişikliyinin fəsadlarından ən çox təsirlənən cəmiyyətlər adından daha konkret və davamlı qərarlar qəbul etməyə çağırıb.
BMqT-nin Baş direktoru iqlim dəyişikliyinin nəticələrinə baxmayaraq, öz evlərində qalmağa və dolanışıqlarını qorumağa çalışan insanların vəziyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, bəşəriyyətin bu hissəsi xüsusilə iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılıq tədbirlərinə ehtiyac duyur. Emi Pop vurğulayıb ki, bu insanlara kömək etmək üçün daha effektiv yollar axtarmaq lazımdır. O qeyd edib ki, təkcə 2023-cü ilin sonuna qədər dünyada iqlim miqrasiyası 26 milyondan çox insanı evlərini tərk etməyə məcbur edib.
BMqT-nin Baş direktoru hesab edir ki, hər hansı ekoloji həllərin hazırlanması zamanı iqlim miqrasiyası mövzusu nəzərə alınmalıdır. “Ekoloji fəlakətlərə məruz qalan insanlarla məsləhətləşmək vacibdir. Onların innovativ ideyaları davamlı və ədalətli iqtisadi əlaqələrin qurulmasına töhfə verir”, – deyə Emi Pop əlavə edib.