İqlim maliyyəsi: Böyüklərin xəsisliyi, kiçiklərin geniş ürəyi

post-img

Qazıntı enerjisindən milyardlar qazanan bəzi ölkələrin Azərbaycanı “yaşıl” liderlikdə qınamağa haqqı yoxdur 

Dünyada artan nüvə təhdidi ilə yanaşı, bundan heç də az təhlükəli hesab olunmayan iqlim kataklizmlərinin əmələ gətirdiyi fəsadlar var. Qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin ətraf mühitə neqativ təsirlərinin getdikcə intensivləşməsi ikinci məsələnin aktuallığını kəskin artırır və gözlənilən risklərə qarşı bütün ölkələrin vahid platformadan çıxış etməsini, hazırlanan layihələrə maliyyə dəstəyinin göstərilməsindən ötrü imkanların birləşdirilməsini tələb edir. Məhz kollektivçilik neqativ perspektivdən qorunmağın və gələcəkdə baş verə biləcək faciələrin qarşısını almağın əsas şərtidir. BMT-nin iqlim sammitlərinin əsas məramı bundan ibarətdir. 

Qeyd etdiyimiz təhdidlər COP tədbirlərinin aktuallığını daha da artırır. İndiki vəziyyətdə bu mövzularla bağlı ortaq maraq yoxdur. İqlim dəyişikliyi ilə mübarizə, “yaşıl enerjiyə” keçid məsələləri bəzi dövlətlərin iqtisadi maraqları ilə uzlaşmadığı üçün fərqli yanaşmaları müşahidə edirik. Bu baxımdan, Böyük Britaniya istisna olmaqla, “böyük güclər”, “böyük yeddilər”, dünyanın inkişaf etmiş ölkələri bu qlobal problemin həlli istiqamətində öz töhfələrini verməyə tələsmirlər. Həmin “güc mərkəzləri”nin iqlim dəyişikliklərinə kiçik ada dövlətləri kimi həssas yanaşmamalarının səbəbi məhz qazıntı yanacağı hesabına əldə etdikləri gəlirlərdən məhrum olmaq təhlükəsidir. COP-da kiçik ölkələrin, ada dövlətlərin təşəbbüskarlığının, üzləşdikləri problemləri ucadan səsləndirmələrinin, dünyaya ünvanlanan çağırışlarının bir çox hallarda, böyük dövlətlərin ironik yanaşmasına tuş gəlməsi bu amillə izah oluna bilər. 

* * *

Azərbaycan qlobal məsələlərə həsr olunmuş bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş və bu sahədə təcrübəyə malik ölkədir. Cari ilin iyununda Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 29-cu Bakı Enerji Forumunda 600-dən çox nümayəndə iştirak edib. Konfransda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olub. 

Dünyanı narahat edən qlobal iqlim dəyişikliyi mövzusunda müzakirələrin getdiyi COP29-un yüksək səviyyədə təşkil olunduğunu BMT-nin Baş katibi Antonio Quterreş Bakıda Azərbaycan Prezidenti ­İlham Əliyevlə görüşündə etiraf etdi. 

Fransa prezidenti Emmanuel Makron tədbirə qatılmadı. Onun COP29-da iştirakdan imtinasının siyasi səbəblərdən məhrum olmadığı məlumdur. Amma heç bir səbəb 9 il bundan əvvəl COP21-ə ev sahibliyi etmiş və məhz iqlim dəyişikliklərinin fəsdadlarının aradan qaldırılması ilə bağlı səylərin birləşdirilməsini nəzərdə tutan Paris Sazişinin müəllifi olan ölkənin BMT-nin iqlim sammitində təmsil olunmamasına haqq qazandıra bilməz. Parodoksal vəziyyət yaranır. Yelisey sarayının hazırkı kirayənişini sayılan Makronun komandası Cənubi Qafqazdakı geosiyasi maraqlarını, ermənpərəstliyini BMT-nin ən nüfuzlu tədbirindən üstün tutub. Rəsmi Paris burada Bakının qonağı kimi deyil, ən azı, BMT tədbirinin iştirakçısı qismində iştirak etməyə borclu idi. Belə çıxır ki, “böyük güclər”in liderləri COP29-a gəlməməklə Bakıya deyil, tədbirin sahibi BMT-nin özünə qarşı hörmətsizlik nümayiş etdiriblər.

ARAYIŞ: Paris sazişi 2015-ci il dekabrın 15-də Fransa paytaxtında keçirilən BMT-nin 21-ci Tərəflər Konfransında (COP21) qəbul edilib və 2016-cı il noyabrın 4-də qüvvəyə minib. Bugünədək Paris sazişinə dünyanın 195 ölkəsi razılıq verib, 189-u isə ratifikasiya edib. Məqsəd qlobal istiləşməni sənayeləşmədən əvvəlki (1850-1900) temperaturdan 2 dərəcədən çox olmamaqla, 2040-cı ilədək 1,5 dərəcəyə qədər cilovlamaqdır. 2024-cü ilin iyuluna olan məlumata görə, bu göstərici hazırda 1 dərəcə ətrafındadır. Sazişin məqsədi hər bir ölkənin iqlim hədəflərinə dair öhdəliklərini öz resurslarına mütənasib olaraq müəyyənləşdirmə imkanını tanımaq və dəstək olmaq, zəruri investisiyaların, maliyyənin ölkələr arasında axınını asanlaşdırmaq, texnoloji inkişaf və bunun mobilliyini təmin etmək, effektiv nəticələr üçün 195 ölkə arasında sıx əməkdaşlığı formalaşdırmaq, şəffaflıq və nəticəyönümlü fəaliyyət üçün hesabatlılığı təmin etməkdir. Onu da nəzərə çatdıraq ki, Azərbaycan Milli Məclisi Paris Sazişini 2016-cı il oktyabrın 28-də ratifikasiya edib.

* * *

“Böyük güclər”in liderlərinin BMT-nin qlobal tədbirinə qatılmamaları ilə Bakı heç nə itirmir. Onlar bununla təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edən iqlim dəyişikliyinin yaratdığı təhlükələrə laqeyd yanaşmalarını ortaya qoymuş oldular. ABŞ, Rusiya və Braziliya prezidentləri, Almaniya Kansleri, Kanada, Hindistan, Yaponiya, Cənubi Afrika Respublikası və Avstraliyanın baş nazirləri, Çin Xalq Respublikasının Sədri COP29-a qatılmayanların sırasındadırlar. Doğrudur, prezident Co Bayden artıq ikinci ildir ki, BMT-nin qlobal iqlim sammitlərində iştirak etmir. Bakıya gəlmiş ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edir. Rusiya Prezidenti Vladimir Putin BMT-nin iqlim konfransına müşavirinin başçılıq etdiyi nümayəndə heyətini göndərib. Amma “böyük”lərdən fərqli olaraq, “qara qitə”dən və Okeaniyadakı cırtdan ölkələr və ada dövlətlərdən Bakıya gələn “kiçiklər”in sayı kifayət qədərdir.     

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu “XQ”-yə verdiyi açıqlamasında “Böyük yeddiliy”ə daxil olan dövlətlərin iqlim dəyişikliyi ilə problemlərə laqeyd yanaşmasının səbəbi kimi onların qazıntı enerjisinin hesabına daha çox gəlir əldə etdiklərini göstərdi: “Bəli, onlar bu gəlirlərdən məhrum olmaq istəmirlər. Bu ölkələrin sənayesinin fasiləsiz işləməsi üçün ənənəvi enerjiyə – neftə və qaza böyük ehtiyacları var. Düzdür, bu ölkələrin bəziləri “yaşıl enerjiyə” keçidlə bağlı müəyyən açıqlamalar verir, proqramlar qəbul edirlər. Amma illər keçdikcə bu proqramların ləng yerinə yetirilməsinin şahidi oluruq. Yenə qazıntı yanacağına tələbatın artdığını görürük. Elə Rusiya–Ukrayna müharibəsi də bunun əyani sübutu oldu. Bu gün Rusiyadan təbii yanacaq ala bilməyən Avropanın bir çox dövlətləri alternativ mənbələrdən neft və qaz əldə etməyə çalışırlar.   

Kiçik ölkələrə, ada dövlətlərə gəldikdə isə onlar iqlim dəyişikliyinin fəsadlarını öz üzərlərində daha çox hiss edirlər. Çünki su ehtiyatları, torpaq əraziləri azalır, Musson yağışları bu ölkələrin kənd təsərrüfatına ciddi ziyan vurur. Bəzi böyük güclərin rəsmiləri 10-15 min əhalisi olan bu kiçik ada dövlətlərinə qarşı ironik yanaşma sərgiləyirlər. Əslində, BMT-nin COP sammitlərinə qatılmalı olanlar məhz həmin kiçik ada dövlətlərinin nümayəndələridir. Çünki bu minvalla onlar yox ola bilərlər. Bakıda iqlim sammitində müzakirə ediləcək əsas məsələlərdən biri böyük dövlətlərin vəd etdikləri maliyyə yardımlarının toplanmasıdır. Burada tələb olunan yüz milyardlarla dollar vəsaitdən söhbət gedir. Məqsəd həmin ianələrin cəmlənməsi və vəsaitin iqlim dəyişikliklərinə qarşı mübarizədə istifadəsinə nail olmaqdır”.          

* * *  

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Bakı Sammitinin açılış mərasimində dedi ki, qlobal səviyyədə temperatur 3 dərəcəyədək artıb və planetin müxtəlif kontinentlərində insanlar bu problemdən əziyyət çəkirlər. Onların sammitdən kağız üzərində müzakirə yox, konkret addımlar gözlədiyinə diqqəti çəkən nazir maliyyələşmə sahəsində ambisiyalılığı artırmağın və əlavə maliyyə vəsaitinin cəlb edilməsinin vacibliyini önə çəkdi. Burada söhbətin 100 milyardlarla dollardan getdiyini deyən M.Babayev yekun qərar qəbul etmək üçün danışıqların heç də asan olmayacağını, amma konfransın əsas məqsədə nail olmasının vacibliyini qeyd etdi: “Əldə edəcəyimiz nəticələr təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə planetimizin maraqlarına xidmət etməlidir. Sabah qənaət etmək üçün bu gün investisiya cəlb etməliyik. Daha bir məsələ 6-cı maddə üzrə razılığın əldə olunmasıdır. Düşünürəm ki, COP29-da addımların irəli atılması üçün kifayət qədər fürsətlər yaranacaq. Burada təkcə maliyyələşmə yox, həm də insan həyatını xilas edəcək texnologiyaların ehtiyacı olan dövlətlərə təqdim edilməsi də mühüm rol oynayır. Məhz belə olduqda əsas məqsədimizə çata biləcəyik. Unutmamalıyıq ki, bu, bizim sonuncu fürsətimizdir".

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bəzi xarici dairələrdə COP29 ətrafında çox söz-söhbətin dolaşdığına, bu zaman tədbirdə iştirakla bağlı bir sıra ölkələrə açıq şəkildə təzyiq göstərildiyinə diqqəti yönəltdi: “Onları Bakıya gəlməkdən, BMT-nin iqlim sammitində iştirakdan çəkindirməyə çalışırdılar. Bu cəhdlər baş tutmadı. Dünyanın onlarca dövlətinin liderləri və hökumət başçıları, nazirlər, nüfuzlu beynəlxalq təşkilatların aparıcı ekspertləri hazırda Bakıdadırlar. Bu faktın özü ondan xəbər verir ki, bir tərəfdən həmin anti–Azərbaycan dairələrinin səyləri puça çıxır, onların söylədikləri əsassız iddialar kimi qəbul olunur. Digər tərəfdən, Azərbaycana böyük etimad göstərilir. Yəni, Bakı BMT-nin  iqlim sammitini keçirməklə qlobal problemlərin müzakirəsi, fikir mübadiləsi üçün bir platforma təşkil edir. Təbii ki, bu, Azərbaycanın üstün mövqeyə malik olması kimi qəbul olunmalıdır. Bakı Sammitində Mərkəzi Asiya, Yaxın Şərq və Afrika qitəsindən nümayəndələrin iştirakı təsadüfi sayıla bilməz. Onlar qlobal iqlim dəyişikliyi ilə bağlı Bakıda mühüm qərarların qəbul ediləcəyini gözləyirlər. Aydın məsələdir ki, bu cür problemlərin həlli bir, yaxud on günün işi deyil. Hər halda, Azərbaycan bu prosesin fəal tərəfdarı və aparıcı ölkəsi kimi çıxış edir”.         

* * * 

Yeri gəlmişkən, Ermənistan tərəfindən səsləndirilən “Azərbaycan neft ölkəsi kimi  COP29 keçirə bilməz” fikrini şərh edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, ümumiyyətlə, bugünədək 29 COP keçirilib: “İsveçrədən başqa, demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkələrdir. Məsələnin digər tərəfi isə budur ki, qazıntı yanacağı ilə əlaqədar bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü olan tərəflər qazıntı yanacağının istifadəçiləridir. Burada biz yenə də ucuz populizm elementlərini görürük. Bu gün dünyanın real tələbatları var və qazıntı yanacağı da mövcud tələbatın tərkib hissəsidir. Təbii ki, bu enerji iqlim dəyişikliklərinə mənfi təsir göstərir. Ancaq bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan bir müzakirələr aparılmalıdır”. Prezidentin köməkçisi sözlərinə onu da əlavə edib ki, bu günə qədər COP-a ev sahibliyi edən ölkələr bu və ya digər formada qazıntı yanacağı, kömür istehsalçılarıdır: “Bizdən əvvəl Avropa ölkələri bu tədbirə evsahibliyi ediblər. Məsələn, götürək Polşanı. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır. COP, həmçinin Böyük Britaniyada keçirilib. Qlazqo dünyada kömür istehsal edən mərkəzlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar deyil, nəticəyönlü müzakirələrə töhfə vermək lazımdır”. 

Beləliklə, Bakıda start götürən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı – COP29-da dünyanın yaşıl enerjiyə keçidi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Azərbaycanın alternativ enerji mənbələri üzrə böyük potensialını nəzərə alsaq, beynəlxalq maliyyə kanallarının açılması yeni yaşıl enerji əsrinin başlanğıcı demək olacaq.

İmran BƏDİRXANLI  
XQ

 





Ekologiya