Bakıda “Kosmik Liderlərin Sammiti” də keçiriləcək

post-img

İqlim konfransı çərçivəsində Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos”  “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik liderlərin sammiti” keçiriləcək. 

“Azərkosmos”un yaydığı məlumata əsasən, sammit COP29-un 16 noyabr – Elm, Texnologiya və İnnovasiya Günündə təşkil olunacaq. İştirakçılar arasında 20 qlobal kosmik agentliklərin rəhbər heyəti, beynəlxalq təşkilatlar–Birləşmiş Millətlər Təşkilatının Xarici Kosmos Məsələləri üzrə Ofisi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Beynəlxalq Astronavtika Federasiyası, Millətlər Birliyi, o cümlədən özəl sektorun rəhbər və işçi heyəti yer alacaq.

Kosmik agentliklərin zirvə toplantısı hesab olunan bu sammitin əsas mahiyyəti qlobal və inkişaf etməkdə olan kosmik agentliklər arasında kosmik texnologiyanın imkanlarından yararlanmaqla iqlim dəyişikliyinə töhfə verilməsi üçün təşviqat aparmaq və sammit çərçivəsində birgə addımları formalaşdırmaqdır.

Müzakirələrin nəticəsi olaraq 20 qlobal kosmik agentliyin “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd” sənədi   imzalanacaq. Bu, COP28 tədbirində kosmik agentliklərin görüşündə qəbul edilən öhdəlik sənədinin bir növ davamı olacaq və növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və səmərəli  şəkildə yumşaltmağın həlledici yollarını müəyyənləşdirəcək.  

 

Ekologiya