Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasının 29-cu Sessiyası (COP29) çərçivəsində “La Ruta del Clima”: İtki və zərər, təzminat və iqlim borcunun həlli: insan hüquqları öhdəliyi xeyriyyəçilik deyil” mövzusunda mətbuat konfransı keçirilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə xüsusi məruzəçisi Elisa Morgera bildirib ki, iqlim dəyişikliyi dünyanın aktual problemi olduğu kimi, onunla mübarizə də eyni aktuallığı qazanmalıdır. Onun sözlərinə görə, iqlim dəyişikliyi problemi ilə bütün planetimiz üzləşsə də, bundan ən çox zərər görən az inkişaf etmiş, inkişaf etməkdə olan və ya müstəmləkə şəraitində yaşayan dövlətlərdir. Bu problemi şərtləndirən əsas məsələnin atmosferə həddindən artıq dərəcədə karbon qazı emissiyalarının buraxılması ilə bağlı olduğunu vurğulayan xüsusi məruzəçi deyib ki, 1990-cı illərdən ötən dövr ərzində bu həcm icazə verilən normadan dəfələrlə yüksək olub. “Hesablamalarımız göstərir ki, planetimizin əhalisini iqlim dəyişikliyinin fəsadlarından qorumaq üçün trilyonlarla dollar vəsaitə ehtiyac var. COP29-un əsas məqsədi də məhz bu vəsaitin təmin edilməsidir”, – deyə o əlavə edib.
İqlim dəyişikliyi ilə mübarizənin, bütövlükdə, hər bir dövlətin vəzifəsi olduğunu xatırladan Elisa Morgera daha sonra deyib: “İqlim fəlakətinin qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində biz təkcə bəşəriyyəti deyil, flora və faunanı da xilas edə bilərik. İqlim dəyişikliyi ilə mübarizədə nəticə əldə etmək üçün ilk növbədə siyasi iradə lazımdır. Hesab edirəm ki, bu amil təmin olunmadan heç bir halda uğurlu nəticəyə çatmaq mümkün olmayacaq. Biz bu qlobal təhlükəyə qarşı gücümüzü birləşdirmək üçün COP formatlı tədbirləri gözləməməliyik. İqlim dəyişikliyinə diqqət çəkmək üçün təkcə dövlətlərin deyil, vətəndaş cəmiyyətinin də səylərinin artırılmasına ehtiyac var. Burada əsas məqsəd, ilk növbədə, əhalininin iqlim probleminin hansı fəsadlara səbəb olacağı barədə məlumatlandırılmasıdır. Digər tərəfdən, qeyri-hökumət təşkilatları da hökumətlərin diqqətini bu problemin aktuallığına yönəltməlidir. Belə olmasa, hər hansı nəticəyə nail olmaq mümkün olmayacaq”.