Sarayevo Forumunda COP29-a dəstək

post-img

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məlumatına görə, Sarayevoda keçirilən “Bosniya və Herseqovina İqtisadi Forumu 2024”forumu ölkənin Avropa İttifaqına inteqrasiya və dayanıqlı inkişaf istiqamətindəki addımlarına həsr edilib. Mərkəzlə əməkdaşlıq çərçivəsində təşkil edilən forumun əsas mövzularından biri COP29 və gələcək inkişafın maliyyələşdirilməsi olub.

“Dayanıqlı inkişafın maliyyələşdirilməsi – Gələcək sammiti və COP29-dan sonra” adlı paneldə BMT-nin Bosniya və Herseqovinadakı rezident koordinatoru İnqrid Makdonald, Bosniya və Herseqovina Xarici Ticarət və İqtisadi Əlaqələr Nazirliyinin müavini Admir Softiç, Monteneqronun Avropa İttifaqı üzrə Maliyyə Dəstəyi Koordinasiyası İdarəsinin baş direktoru Boyan Vujoviç və “Tondach” şirkətinin təsisçisi Jasmin Hoso çıxış ediblər. İştirakçılar COP29-un iqtisadi siyasətlərə təsiri, “yaşıl” və rəqəmsal keçidlər, Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi və Avropa İttifaqı standartlarına uyğunlaşma kimi mövzularda konkret addımların atılmasının vacibliyini vurğulayıblar.

İclasında dayanıqlı inkişafın maliyyələşdirilməsi və COP29-un regiona təsiri barədə müzakirələr aparılıb, iqlim konfransının regionda davamlı inkişafın təmin edilməsində mühüm rol oynayacağı bildirilib və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Bosniya və Herseqovinanın sabiq baş naziri və BMT-dəki daimi nümayəndəsi Zlatko Laqumdziya foruma bu sözlərlə yekun vurub: “Dayanıqlı inkişaf, sülh və rifah yolu ilə irəliləmək üçün birgə səylərimizi davam etdirməyə qətiyyətliyik”.

Ekologiya