Azərbaycan “yaşıl” iqtisadiyyata keçidi dünyaya zərurət kimi təqdim edir

post-img

Azərbaycanın dünyanın ən irimiqyaslı konfranslarından birinə – COP29-a evsahibliyi etməsi respublikamızın beynəlxalq nüfuzu baxımından mühüm önəm daşıyan tarixi hadisədir. Bu, həm də respublikamızın “yaşıl” iqtisadiyyata keçid strategiyasının məntiqi davamı, eləcə də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə verilən dəyərin təsdiqi kimi qiymətləndirilir.

Respublikamız COP29-a evsahibliyi missiyasını üzərinə götürməklə müsbət ekoloji dəyişikliklə bağlı beynəlxalq aləmə böyük töhfə verməyi, bu istiqamətdə çıxış edən ölkələr üçün model nümunəsi göstərməyi qarşıya mühüm vəzifə kimi qoyur. Buna görə də dünya ictimaiyyətinin qlobal iqlim dəyişikiliyi ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə bu iqlim konfransından gözləntiləri də çoxdur. “Yaşıl” dünya ilə bağlı bir sıra yeni prioritetlərin məhz Azərbaycan paytaxtında müəyyənləşdiriləcəyinin gözlənilməsi də bunun bariz ifadəsidir.

Uzun illərdir ki, dünya ölkələrində qlobal istiləşmənin, karbon emissiyalarının təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin sabitləşdirilməsi məqsədilə müxtəlif sahələrin maliyyələşdirilməsi problem olaraq qalır. İnkişaf etmiş və etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirsələr də, hələlik məsələ həllini tapmır. COP29-da isə bu çətinliyin aradan qaldırılacağına, iştirakçı ölkələrin maliyyə məsələsində razılığa gələ biləcəklərinə böyük ümid bəslənilir.

Bütün bunlara baxmayaraq respublikamızın COP29-a evsahibliyi etmək missiyasına qısqanclıqla yanaşanlar da var. Belə ki, Azərbaycanın neft ölkəsi ifadəsi son vaxtlar heç bir məntiqə əsaslanmadan mənfi kontekstdə istifadə olunur. Halbuki dünyanın iqtisadi sisteminin neft–qaz və daş kömür üzərində qurulması da inkaredilməz faktdır.

Energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanovun sözlərinə görə, dünyada karbohidrogenlərin satılıb-alınması sərbəst fəaliyyətdir, bu, icbari şəkildə baş verməyən bir prosesdir. Bu çərçivədə bütün dövlətlərin neft ölkəsi, başqa sözlə, istehsalçı, yaxud istehlakçı olması fərq etmir. Neft və qaz daha çox vurğulansa da, daş kömürün də karbohidrogen olduğu unudulmamalıdır və bu kateqoriyadakı yanacaqlar içində ən çox emissiya yaradan da məhz daş kömürdür.

Azərbaycanın adambaşına düşən istixana qazları emissiyası isə Avropa və dünya ölkələri ilə müqayisədə aşağıdır. Ölkəmiz, ümumiyyətlə, emissiyalar sistemində dünya üzrə 70–75-ci yerləri tutur və respublikamızın payı mində bir ətrafındadır. Əslində respublikamızın neft ölkəsi olması qürur mənbəyidir, çünki Azərbaycan “qara qızıl”ı ilə bütün dünyanın inkişafını sürətləndirir.

E.Soltanov bildirir ki, dünyanı istixana qazları ilə çirkləndirərək inkişafın ən yüksək mərhələsinə çatmaq, sonra geri baxaraq bəzi inkişafda olan ölkələrə “neft ölkəsi” deyə qınayıcı nəzərlərlə baxmaq mənəvi cəhətdən doğru deyil. Hər kəs prosesə maksimum töhfə verməyə çalışmalıdır. Ancaq unudulmamalıdır ki, iqlim müqavilələrinin də təsbit etdiyi kimi, bizim ortaq, amma fərqli məsuliyyətlərimiz, fərqli qabiliyyətlərimiz, fərqli milli xüsusiyyətlərimiz var: “Yaşıl” keçid bir məcburiyyətdir, ancaq ədalətli yaşıl keçid yeganə yoldur. Dünyadakı ilk 6 ölkənin emissiyaları ümumi emissiyaların 60 faizini təşkil edir, G20 ölkələrinin emissiyaları isə karbon izinin, təqribən 80 faizi qədərdir”.

Energetika nazirinin müavini, qeyd edir ki, Azərbaycanın kifayət qədər böyük daş kömür yataqları olmasına baxmayaraq, ondan istifadə etmir. Daş kömür təbii qazdan 80 faiz daha çirklidir. Müqayisə üçün deyim ki, Avropa İttifaqının özündə daş kömür kifayət qədər yayğın istifadə olunur. Cənab Prezidentin dediyi kimi, əsas ölçü ölkələrin neftə–qaza sahib olması deyil, “yaşıl” keçid istiqamətində atdıqları addımdır, bu prosesə verdikləri töhfədir. Bu cəhətdən baxsaq, Azərbaycanın iqlim fəaliyyətləri ən yumşaq ifadə ilə təqdirəlayiqdir.

Bütün bunlara baxmayaraq iqlim dəyişikliyinin fəsadları bu gün bəşəriyyəti ciddi narahat edir. İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP-un büro üzvü Andrey Boiç mediaya müsahibəsində bu problemlə bağlı bildirib ki, Paris razılaşmasının 6-cı maddəsi iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərməyə əlverişli şərait yaradır. Onun fikrincə, bu maddə iqlim dəyişikliyinə dayanıqlı uyğunlaşma üçün hazırda səmərəli olan ən yaxşı mexanizmdir.

COP-un büro üzvü daha sonra vurğulayıb ki, bütün üstünlüklərə baxmayaraq, bu konsepsiyanın həyata keçirilməsi üçün hələ bir sıra problemlər mövcuddur: “İki ən böyük problem istixana qazlarının azaldılmasının düzgün hesablanması və “karbon kreditləri”ndən necə istifadə ediləcəyi barədə qərar verməkdir”.

A.Boiçin fikrincə, karbon kreditlərinin ticarətində şəffaflıq da vacib məsələdir. Bunun üçün tərəflər arasında tam inamın olması zəruridir. Ekspert bunu onunla izah edir ki, atmosferə məhdud həcmdə qaz buraxılması üçün kvota olan karbon kreditlərindən istifadə Paris razılaşmasının 6-cı maddəsinə uyğun gəlmir, bu, “yaşıl” niyyətlər adı altında vəsaitlərdən qeyri–məqsədyönlü istifadə kimi həyata keçirilə bilər. Bununla belə, A.Boiç tərəflər arasında ən vacib razılaşmanın artıq əldə olunduğunu da qeyd edib. “Bu, artıq iqlim dəyişikliyi və ciddi addımlar atmağa ehtiyac olması ilə bağlı heç bir şübhənin olmamasına dair razılaşmadır. Fikir ayrılıqları isə tədbirlərin görülməsi sürəti və iqlimə dəymiş ziyana görə məsuliyyətlə bağlıdır”.

Yeri gəlmişkən, burada ekspertlərin bir məsələyə münasibətini də xatırlatmaq istərdik. Bu, tullantıların emalının iqlim dəyişikliyinə təsiri ilə bağlıdır. BMT-nin qaz və alternativ enerji üzrə ekspertlər qrupunun üzvü Ayaz Salmanovun fikrincə, istər neft-qaz, istərsə də digər sahələrdə “0 tullantı” prinsipinin təmin olunması iqlim dəyişikliyinə təsir edən amillərdən biridir. Hazırda istehsalat prosesində formalaşan hər hansı bir növ tullantını emal və yaxud utilizasiya edilmirsə və birbaşa təbiətə atılırsa, bu, birbaşa ətraf mühitin çirklənməsinə və iqlim dəyişikliyinə gətirib çıxarır.

A.Salmanov qeyd edir ki, bu gün tullantıların emalının iqlim dəyişikliyinə təsiri ilə bağlı trendlər də dəyişib. Hazırda bir sahədə tullantı sayılan məhsul digər sahə üçün unikal xammaldır. Bu, o deməkdir ki, tullantılar emal edilməklə əlavə əmtəə yaradılır. Məsələn, SOCAR uzun illərdir ki, anoloqsuz bir layihə həyata keçirir. Bu da ondan ibarətdir ki, neft gölməçələrindən toplanan tullantılar əmtəə nefti səviyyəsində bərpa olunur. Bu layihənin daha bir uğuru ondan ibarətdir ki, heç bir əlavə vəsait xərclənmir. Beləliklə, bu tip layihələr həm iqtisadi dəyər yaradır, həm də ekoloji tarazlığın bərpasına xüsusi töhfə verilir.

Sonda qeyd edək ki, Azərbaycan hökuməti elektrik enerjisi istehsalı üçün təbii qazdan istifadəni azaltmaq üçün dayanıqlı elektrik keçidinin yaradılması yolu ilə 2030-cu ilə qədər ölkənin ümumi enerji kompleksində quraşdırılmış bərpaolunan enerji potensialının payını hazırkı 17 faizdən 30 faizə çatdırmağı qarşısına əsas məqsəd qoyub. Ölkəmiz, həmçinin qlobal enerji bazarlarına enerji ixracının diversifikasiyası və tərəfdaşlar üçün enerji təhlükəsizliyi sahəsində dəstəyin artırılmasını nəzərdə tutub.

 



Ekologiya