COP29 üçün ISO 20121:2024 sertifikatının əldə olunması dayanıqlı tədbir idarəçiliyinə bağlılığı nümayiş etdirir. Bununla da tədbirin ətraf mühitə təsirini minimuma endirmək və sosial məsuliyyəti artırmaq təmin olunur. Üstəlik, COP29 zamanı yaradılan praktikalar gələcək tədbirlərin daha dayanıqlı fəaliyyətlərə yönəlməsinə kömək edərək Azərbaycanda məsuliyyətli tədbir idarəçiliyinin əhəmiyyətini gücləndirə bilər.
Bu sözləri QHT-lər üçün COP29-da “yaşıl” bölgə ilə bağlı təşkil olunan informasiya sessiyasında COP29 Əməliyyat Şirkətinin Dayanıqlılıq Əməliyyatları və Təminat üzrə menecer Könül Qaraşlı söyləyib.
O bildirib ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti ölkəmizdə ISO 20121:2024 dayanıqlı tədbir idarəçiliyi sertifikatını əldə edən ilk şirkət olacaq. Bu, digər tədbir idarəçiliyi təşkilatlarının dayanıqlı tələblərinə riayət etmələri üçün nümunədir.