Prezident İlham Əliyevin Zəngilan rayonuna səfəri çərçivəsində istifadəyə verilən “Sarıqışlaq” Su Elektrik Stansiyasının fəaliyyəti haqqında “Azərenerji” ASC-nin nümayəndəsi Ramiz Vəliyev bildirib ki, stansiya rayonda Oxçuçay üzərində yerləşən silsilə təşkil edən 4 enerji infrastrukturundan (Zəngilan, Cahangirbəyli, Şayıflı) biridir. “Sarıqışlaq” SES 10,5 meqavat gücə malikdir.
Stansiyada “yaşıl” enerjinin istehsalı üçün quraşdırılan 2 ekoloji turbin qəza şəraitində öz enerjisini və çay suyunun məcrasını saxlaya bilir.
R.Vəliyev qeyd edib ki, “Sarıqışlaq” SES-də tikilən 110 kilovoltluq açıq paylayıcı qurğu burada istehsal olunan enerjinin “Şayıflı”nın enerji sisteminə ötürülməsini də reallaşdırır. İl ərzində “Sarıqışlaq” SES 33,3 milyon kilovat-saat enerji istehsal edir. Stansiya havaya atılan 14 ton karbon qazının qarşısını alır. Bundan başqa, 33,3 milyon kubmetr qaza qənaət edir”.
“Azərenerji” rəsmisi sonda vurğulayıb ki, başqa SES-lərdən fərqli olaraq 24 saat dayanmadan işləyən bu 4 silsilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən ən böyük stansiyalardan biridir və hazırda 24 saat dayanmadan ekoloji təmiz enerji istehsal edir