Ölkəmizdə bərpaolunan enerji istehsalı 6 ildə 3 dəfə artacaq

post-img

Norveçin “Rystad Energy” müstəqil tədqiqat və analitik şirkətinin proqnozlaşdırmasına görə, Аzərbaycanda hidroenergetika daxil olmaqla bərpaolunan enerji mənbələrindən 2030-cu ilədək elektrik enerji istehsalı həcmi 3 dəfə artacaq. Bu ilin sonunadək həmin sahədə ümumi istehsal ötən ilki 7 faizdən 22 faizə yüksələcək.

Araşdırmada bildirilir ki, Azərbaycan öz enerji balansında bərpaolunan enerji mənbələrinin payını artırmaq səylərini gücləndirir ki, bu da daxili karbon izini və təbii qaz ixracını azaltmağa imkan verəcək. Ölkə günəş və külək enerjisinin potensialını artıraraq, hazırkı 10 faizdən az olan bərpaolunan enerji mənbələrinin elektrik enerjisi istehsalındakı payını üçdəbirə çatdıracaq.

Azərbaycanda bu hədəfə çatmaq üçün 2 milyard dollarlıq “yaşıl” enerji təşəbbüslərinə sərmayə qoyulub. İndiyədək bu layihələrə beynəlxalq miqyasda böyük maraq göstərilib və respublika cari ilin noyabr ayında COP29 sessiyasına evsahibliyi edərək bu öhdəlikləri möhkəmləndirməyi planlaşdırıb.

Ölkə daxilində bərpaolunan enerji mənbələrinin payının artması Azərbaycan üçün 2027-ci ilədək Avropaya qaz ixracını 2 dəfə artırmaq və uzunmüddətli enerji strategiyasına “yaşıl” hidrogen istehsalını əlavə etmək məqsədlərinə çatmaqda kömək edəcək.

“Rystad Energy” şirkətindən bildirildiyinə əsasən, Azərbaycanda qeyri – qalıq yanacaqla əlaqəli enerji xərcləri 2020-ci ildə 1 faizdən az idisə, ötən il 7 faizdən çox olub və onilliyin sonuna qədər bu göstərici 20 faizi ötəcək. Bu isə quraşdırılmış gücün builki 19 faizdən 2027-ci ilə qədər 30 faizə qədər artmasına səbəb olacaq. Bununla belə, ölkə həm ixrac ambisiyalarını, həm də artan daxili tələbatı ödəmək üçün qalıq yanacaqlarına sərmayələri artırmağa davam edəcək.

Xatırladaq ki, “Yaşıl” enerji potensialının səmərəli istifadəsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirən, təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsinə prioritet vəzifələrindən biri kimi yanaşan Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt təşkil edir.

 

Ekologiya