Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Caspian Energy Forum”unda çıxışı zamanı bildirib ki, bu gün dünyanın əsas prioritet hesab etdiyi “yaşıl” keçidin əsas iştirakçılarından biri olan Azərbaycan dövləti ekoloji problemlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür, ətraf mühitin sağlamlaşdırılması, eləcə də çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması kimi mühüm layihələr reallaşdırır.
Nazir müavini vurğulayıb ki, 30 ildən sonra işğaldan azad edilən yaşayış sahələrində karbon neytrallığına nail olinması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu ərazilərdə yenidənqurma işləri ilə bərabər, ekoloji bərpa məsələlərinə xüsusi diqqət ayrılıb, meşəsalma tədbirlərinin davamlı şəkildə həyata keçirilməsinə başlanılıb.
U.Tağıyeva qeyd edib ki, qlobal iqlim dəyişmələri ilə bağlı ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etmək çox böyük məsuliyyətdir: “Bütün ölkə bu mötəbər tədbirə hazırlaşır. COP29-a sədrliyimiz çərçivəsində qlobal iqlim gündəliyinin uzun illərdir açıq qalan iqlim maliyyəsi üzrə razılaşma əldə olunmalıdır. Dünyada kifayət qədər maliyyə resursları mövcuddur. Lakin qlobal miqyasda iqlim prroblemlərinin həlli üçün maliyyə axınlarının necə həll edilməsi və hara yönəldilməsi, necə xərclənməsi vacib məsələlərdən biridir. Bu maliyyənin düzgün yerlərə yönəldilməsi çox vacibdir”.